Bizi sosial şəbəkələrdən izləyin:
Sülh bəyanatları ilə çıxış edən Ermənistan sükutu pozdu. Mövqelərimiz yenidən atəşə tutuldu. Hədəf istiqaməti Laçın seçildi. Hərçənd ki, Qərb hələ də Bakı-İrəvan sülhündə rol oynamaqda israrlıdır. Vaşinqton sülh danışıqlarında nə üçün maraqlıdır?
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Aytən Qurbanova qeyd edib ki, son zamanlarda rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan-Ermənistan sülh danışıqlarını hədəf alan intensiv addımların atılması müşahidə edilir:
“Bayden administrasiyasının son dönəmindən başlayan bu addımların Trump dönəmində də davam edəcəyi ehtimal olunur. Xüsusilə də, Trumpın seçkiqabağı təşviqat dönəmində verdiyi mesajlar onu deməyə əsas verir ki, yeni dönəmdə ABŞ-nin xarici siyasət prioritetləri gərginlərə və münaqişələrə son qoymağı hədəfləyir. Əgər verilə vədlər əsasında irəli sürülən ehtimallar özünü doğrultsa, Amerikanın Ermənistanı sülhə təşviqetmə addımlarını müşahidə edə bilərik. Əslində ABŞ regional maraqlarını təmin etmək və Rusiyanın Ermənistan üzərindəki təsir mexanizmlərini bloklamaq üçün bu fürsətdən yararlanmaqda maraqlıdır. Həmçinin Azərbaycanın maraqlarını gözardı edərək uğurlu Cənubi Qafqaz siyasətinə sahib olmağın mümkünsüzlüyünü artıq qlobal sistemin bütün aktorları çox yaxşı başa düşüblər. Deməli ABŞ Trump administrasiyası dönəmində regiondakı maraqlarını təmin etmək üçün bir qədər fərqli strateji addımlar atmalıdır. Bu addımların ilki və ən önəmlisi isə Ermənistanı silahlandırmağı dayandıraraq sülh danışıqları çərçivəsində əldə olunmuş razılıqlara uyğun öhdəliklərin icrasına nail olmaqdır. Nəticə etibarilə, Amerikanın təşəbbüsü və ya ev sahibliyi ilə yeni görüşlərin keçirilməsi təklifi gözləniləndi”.
Mehin Mehmanqızı