Bizi sosial şəbəkələrdən izləyin:
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş verən faciə yalnız həyatını itirənlərin ailələri üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır bir zərbədir. Belə hadisələr təkcə faciəvi bir anın nəticəsi olaraq qalmır, həm də psixoloji və emosional təsirləri ilə uzun müddət insanların həyatına təsir edə bilər”
Bunu Moderator.az-a açıqlamasında psixoloq Almara Məlikova deyib.
Psixoloqun sözlərinə görə, bu cür hadisələrin psixoloji təsirlərini anlamaq, faciədən sonra düzgün dəstək göstərmək çox önəmlidir:
“Təyyarə qəzaları kimi böyük faciələr insan psixikasında dərin iz buraxır. İnsanlar özləri və yaxınları üçün kədər, çaşqınlıq və ümidsizlik hissləri keçirir. Xüsusilə itkilər və xəsarətlər insanların həyatlarını bir anda dəyişdirir və onların psixoloji vəziyyətini ciddi şəkildə pozur. Bu zaman insanlar özlərini tək qorumasız və həyatın ədalətsizliyinə məruz qalmış hiss edə bilərlər. İlk növbədə faciənin doğurduğu ağrı və narahatlıqla başa çıxmaq üçün şəxsən dəstək verilə bilər. Yaxınlar, qohumlar və dostlar bir- birlərinə dəstək olaraq emosional yükü bir az olsa yüngülləşdirə bilərlər. Bununla yanaşı psixoloqlar və psixoterapevlər dramatik vəziyyətdə olan insanlara kömək etmək üçün xüsusi üsul və yanaşmalardan istifadə edə bilərlər. Cəmiyyətin bütövlükdə bu cür faciələrə qarşı reaksiyası çox əhəmiyyətlidir. Cəmiyyət üzvləri bir- birinə dəstək olaraq emosional olaraq da güclü ola bilərlər. Yardım, kampaniya, ehtiyacı olanlara fiziki və emosional yardım göstərmək insanların psixologiyasının bərpa olunmasına kömək edə bilər. Bu zaman psixoloji dəstək insanın öz hissləri ilə barışmasına və bu faciənin yaratdığı acını azaltmasına kömək edər. Kədər və itki ilə başa çıxmaq üçün bəzən danışmaq, hissləri paylaşmaq, anlayışlı insanlarla zaman keçirmək lazımdır. Ayrıca psixoloji dəstək itkinin təsirlərini azaltmağa və insanın ruhunu yenidən canlandırmağa kömək edə bilər. Faciədən sonra psixoloji dəstək yalnız anlıq deyil, uzun müddət davam etməli etməli olan bir prosesdir. İnsanların emosional vəziyyətləri dəyişə bilər və bir müddət sonra travmanın təsiri daha dərin hiss oluna bilər. Bu zaman psixoloji izləmələr və müdaxilələr faydalı olur. Dramatik seanslar, qrup müzakirələri və digər dəstək metodları insanları sağaltmağa kömək edə bilər. Reabilitasiya prosesində yalnız insanların ağrılarını azaltmaq deyil, həm də onların həyatlarına istiqamət vermək önəmlidir”.
Mehin Mehmanqızı