““İŞİD” kimi “HƏMAS”-ın da İslama heç bir dəxli yoxdur... -Netanyahu isə Putin kimi canidir...”
Aktual
7171
18 Nov 2023 | 14:37

““İŞİD” kimi “HƏMAS”-ın da İslama heç bir dəxli yoxdur... -Netanyahu isə Putin kimi canidir...”

“İndi, “HƏMAS”ın bir “müsəlman” hərəkatı kimi qızğın tərəfdarları bu suala da cavab versinlər:
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam, eləcə də Həzrəti Əli əleyhissəlam  nə vaxtsa, hansı savaşında, qəzvəsindəsə nəticələrini hesablamadan döyüşə giriblərmi? Müşriklər və ya yəhudilərlə dinc mülki insanların, uşaq və qadınların kütləvi qətliamıyla nəticələnmiş bircə döyüş aparıblarmı?..”
 
“Onu da vurğulayaq ki, Netanyahunu cani, uşaq qatili adlandırıb iki ilə yaxındır Ukraynanı aramsız bombardımanlara, aviasiya, raket, dron, artilleriya hücumlarına məruz qoymaqla sayı-hesabı bilinməyən dinc insanı qətlə yetirmiş, yaralamış, on milyonlarla insanı doğma yurd-yuvasından didərgin salmış Putin barəsində susmaq nə insanlığa, nə də müsəlmanlığa sığmır...”
 
"Haqq nə "HƏMAS"-ın, nə İsrailin yanındadır, Haqq hər iki tərəfdən qətlə yetirilən dinc insanların yanındadır..."
 
“Fürsət düşmüşkən onu da deyək ki, bir sıra dünya saytları, nəşrləri kimi, Azərbaycan mediasında da əksər müəlliflərin “İŞİD”, “PKK”  kimi, “HƏMAS”ı da dırnaqsız yazması doğru deyil və bu, belə təşkilatları bir növ tam legitimləşdirmək və onların guya doğrudan da adlarında daşıdığı mahiyyətə uyğun olmasını nümayiş etdirməkdir...”
 
-FİKİR SAVAŞI...-
 
 
Bir aydan çoxdur ki, “Həmas”ın İsrailə hücum etməsindən sonra Qəzzadakı insanlıq faciəsinin dəhşətli nəticələrini yaşayırıq. Dünyada da, İslam aləmində də, o cümlədən Azərbaycanda da baş verənlərə baxışlar haçalanıb. Bir hissə “Həmas”ın haqlı olduğunu təkidlə bildirir, digər kəsim isə İsrailin Qəzzanı aramsız bombalayaraq dinc insanları, o  cümlədən uşaq və qadınları qətlə yetirməsinə haqq qazandırır...
 
Hesab edirəm ki, hər iki tərəfin mövqeyi haqsızdır. Haqlı olanlar İslamın “qızıl orta hədd” prinsipinə uyğun olaraq hər iki tərəfin günah və cinayətlərini ölçüb-biçənlərdir...
 
Bəli, İsrail rəhbərliyi(bütövlükdə İsrail və ya yəhudi xalqı yox) öncədən, yəni 1947-ci ildən bəri BMT-nin qərarına, dünya ictimaiyyətinin tələblərinə rəğmən Fələstin dövlətinin yaranmasına imkan vermədiyi üçün günahkar və ötən 75 il ərzində Fələstində, xüsusən də Qəzza zolağında on minlərlə dinc insanı, uşaq, qadın və qocaları qətlə yetirdiyinə görə cinayətkardır...
 
Hələ Fələstin Azadlıq Təşkilatını bir kənaraq qoyaq, İslam adını özündə daşıyan, abreviaturunun açmasının tərcüməsi “İslami Müqavimət Hərəkatı” mənasını verən “HƏMAS” yarandığı 1987-ci ildən bu yana İsrail işğalına və qətliamına qarşı mübarizəni İslam prinsiplərinə uyğun aparıbmı? “HƏMAS”ı qızğın şəkildə bir "müqəddəs" təşkilat kimi müdafiə edənlər öncə belə sualları cavablandırsınlar...
 
Oktyabrın 7-də İsrail ərazisinə genişmiqyaslı hücum edərək bəzi məlumatlara görə, 5-7 km içəriyə soxulan və sərhədə yaxın məntəqələrdən birində yüzlərlə dinc insanı qətlə yetirdiyi deyilən “HƏMAS”-ın siyasi və hərbi qanadları bu addımlarının nəticələrini öncədən hesablamışdılarmı? Hətta bir sıra şərhçilərin sözlərinə görə, musiqi festivalında iştirak edən dinc insanları doğrudan da qəzzalılar yox, İsrail hərbçiləri özləri qətlə yetirdiyini gerçək hesab etsək belə, partiya liderləri bilmirdilərmi ki, İsrail dövləti bu hücuma daha genişmiqyaslı və  qəddar bir cavab verəcək və bunun zərbəsi daha çox Fələstinin, Qəzzanın dinc insanlarına dəyəcək?.. Yəni “HƏMAS” İsrail kimi dövlətə qarşı atdığı addımın nəticələrini öncədən hesablamamışdımı?... Bilmirdilərdimi ki, bu dövləti ABŞ da, Avropanın xeyli hissəsi də birbaşa müdafiə edəcək?.. 
 
26 ilin təşkilatı, partiyasının öz addımlarını ölçüb-biçməməsi real görünmür. Bu qədər səhv hesablama da mümkün deyil. O halda “HƏMAS”-ın İsrailə 7 oktyabr hücumunun səbəbi kimi 3 variant qalır:
 
1. “HƏMAS” bu hücumu onu son dövrlərdə daim dəstəkləyən Rusiya və ya dini və siyasi mənada xeyli ziddiyyətləri olsa da, ümumi düşmənləri İsrail olduğuna görə bu təşkilata yeri gələndə həm maddi, həm siyasi-mənəvi arxa duran İran tərəfindən, yaxud Rusiya və İran tərəfindən birgə gələn sifarişlə həyata keçirib. Məqsəd isə diqqəti həm Rusiyanın Ukraynaya təcavüzündən, həm də İranın nüvə proqramını inkişaf etdirməsindən  və s. əməllərindən yayındırmaq olub.
 
2. “HƏMAS” həm Fələstin rəhbərliyi, həm də digər ərəb dövlətləri, eləcə də İranla və onun himayə etdiyi “Hizbullah”la öncədən öz hücumunun ardınca İsrailə birgə genişmiqyaslı hücum haqda razılığa gəldiyindən oktyabrın 7-də belə arxayın hücuma keçib. Yəni guya müsəlman ölkələrinin birgə hücumunun baş tutacağı təqdirdə İsrailin Qəzzada 13 mindən çox insanı qətlə yetirəcəyini ağlına gətirməyib...
 
3. “HƏMAS”  bizim hələ neçə illər bundan öncə İsrail-Fələstin münaqişəsi haqdakı yazılarımızda irəli sürdüyümüz versiyaya uyğun olaraq öncədən İslama düşmən, sionist, irqçi beynəlxalq güclərin əlində alət olduğundan 7 oktyabr hücumunu, sadəcə, İsrailin Netanyahu başda olmaqla radikal, irqçi baxışlı hökumətinin Qəzzada kütləvi qırğınlar həyata keçirərək, müsəlmanların oradan kütləvi deportasiyasını təşkil etməklə, ərazini tam nəzarətə götürməklə Qəzza problemini kökündən həll etməsinə bəhanə vermək məqsədi ilə törədib...
 
 
İkinci variant qətiyyən inandırıcı görünmür. Çünki hazırda müsəlman, ərəb dövlətlərinin bəhs olunan birliyi mümkün deyil. 3-cü variant isə şübhəli, əsassız, konspiroloji təsir bağışlayır...
 
Beləliklə, 1-ci variantın doğru olması, yəni “HƏMAS”ın daha çox həmin günü diktator lideri Putinin doğum günü olan Rusiyanın, qismən də İranın sifarişi ilə oktyabrın 7-də İsrailə hücum etməsi ehtimalı daha ağlabatandır...
 
Əslində “HƏMAS” da, “İslami-cihad” da kiçik miqyasda oxşar addımları illərdir ki, atır. Dəfələrlə olub ki, bu “İslam” təşkilatının İsrail ərazisinə atdığı kustar üsulla hazırlanmış lap 100 raketinin az sayda insan itkisi(çox vaxt yalnız yaralanma halları) və dağıntı ilə nəticələnməsinin əvəzində İsrailin atdığı 5-10 raket daha çox fələstinli, qəzzalının həlak olması və yaralanmasına, həmçinin Fələstin şəhərlərində daha çox dağıntıların baş verməsinə səbəb olub...  
 
Deməli, belə çıxır ki, “HƏMAS” atdığı addımın nəticəsini bu dəfə də hesablayıb. Amma bunun minlərlə qəzzalının, o cümlədən uşaq və qadınların həlak olması, 1 milyondan çox insanın öz yurd-yuvasından didərgin düşməsi, bütün binaların, infrastrukturun dağılması və s. kimi dəhşətli faciəyə gətirib çıxaracağını nəzərə almayıb. Əsas sifarişi yerinə yetirməkdir...
 
İndi, “HƏMAS”ın bir “müsəlman” hərəkatı kimi qızğın tərəfdarları qatı bu suala da cavab versinlər:
 
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam, eləcə də Həzrəti Əli əleyhissəlam  nə vaxtsa, hansı savaşında, qəzvəsindəsə nəticələrini hesablamadan döyüşə giriblərmi? Müşriklər və ya yəhudilərlə dinc mülki insanların, uşaq və qadınların kütləvi qətliamıyla nəticələnmiş bircə döyüş aparıblarmı? Əksinə, müsəlmanların durumu zəif olduğu zamanlarda strateji maraqlar, gələcək qələbələr, fəthlər üçün hətta müşriklər, eləcə də yəhudi tayfalarıyla müqavilələr bağlamayıbmı?..
 
Bəs “HƏMAS”ın öz savaşlarında, xüsusən İsrailə son hücumunda məqsədi, taktiki və strateji məqsədləri nədən ibarətdir? Bu hücumun qəzzalılar, fələstinlilər, ərəblər ümumilikdə müsəlman ümməti üçün hansı əhəmiyyəti oldu?..
 
Xülasə, təhlillərdən yalnız belə bir məntiqi nəticəyə gəlmək olur ki, “HƏMAS” da “İslami-cihad” kimi, açması “İraq İslam Şam Dövləti” olan “İŞİD” kimi, əsl İslama, müsəlmanlığa, cihada dəxli olmayan, əksinə, İslama düşmən güclərin əlində alət olmaqla ümumən müsəlman dünyasını gözdən salan, müsəlmanların növbəti həm fiziki, həm də siyasi, ideoloji, mənəvi, iqtisadi-sosial soyqırımına bəhanə, rəvac verən bir qurumdur... 
 
Və  bir sözlə, Haqq nə "HƏMAS"-ın, nə İsrailin yanındadır, Haqq hər iki tərəfdən qətlə yetirilən dinc insanların yanındadır...
 
Fürsət düşmüşkən onu da deyək ki, bir sıra dünya saytları, nəşrləri kimi, Azərbaycan mediasında da əksər müəlliflərin “İŞİD”, “PKK”  kimi, “HƏMAS”ı da dırnaqsız yazması doğru deyil və bu, belə təşkilatları bir növ tam legitimləşdirmək və onların guya doğrudan da adlarında daşıdığı mahiyyətə uyğun olmasını nümayiş etdirməkdir. Yəni “İŞİD”-i dırnaqsız yazmaq o deməkdir ki, “İraq İslam Şam Dövləti” doğrudan da İslam dövlətidir, “HƏMAS” da guya İslam düşmənlərinə qarşı real mübarizə aparır, açması Kürd İşçi partiyası(“partiya karkeren kurdistane”) olan “PKK” isə  gerçəkdən Kürd xalqı zəhmətkeşlərinin haqları-hüquqları üçün çalışır. Halbuki, birinci iki qurumun İslama, ikinci qurumun isə kürd xalqına heç bir dəxli yoxdur, hər üçü beynəlxalq güclərin və ya ayrı-ayrı dövlətlərin əlində alətdir...
 
İsrail dövlətinə rəhbərlik edən hazırkı hökumətə, onun başında duran Netanyahuya gəlincə isə, günlərdir, həftələrdir, bir ay yarımdır, bir terrorçu quruma görə, ucdantutma bütün qəzzalıların kütləvi qətliamına göz yuman bu hökumət də, onun başçısı da qatildir, canidir, cinayətkardır... Və Netanyahu da, iki ilə yaxındır heç bir əsas olmadan dinc Ukrayna əhalisini aramsız bombardıman edən, birbaşa avtomat atəşinə tutan Rusiya diktatoru Putin kimi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında mühakimə olunub cəzasına çatmalıdır.
 
Yeri gəlmişkən, onu da vurğulayaq ki, Netanyahunu cani, uşaq qatili adlandırıb iki ilə yaxındır Ukraynanı aramsız bombardımanlara, aviasiya, raket, dron, artilleriya hücumlarına məruz qoymaqla sayı-hesabı bilinməyən dinc insanı qətlə yetirmiş, yaralamış, on milyonlarla insanı doğma yurd-yuvasından didərgin salmış Putin barəsində susmaq nə insanlığa, nə də müsəlmanlığa sığmır...
 
Və sonda: Düzdü, İsrail dövləti 2020-ci ilin 44 günlük savaşında Azərbaycanın yanında durdu, fəqət, bu gün Azərbaycan İsrailə “Qəzzadakı insanlıq faciəsini durdur!” deməyi bacarmalıdır...
 
Sultan Laçın 
 
 
 
 
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər