
Naqif Həmzəyev: “Lokal antiterror tədbirləri separatçılara vurulan son zərbə oldu”
Məlum olduğu kimi, Qarabağdakı qondarma qurum özünün buraxdığını elan edib.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bunu dövlətimizin növbəti hərbi-siyasi qələbəsi kimi dəyərləndirib:
“Əslində sentyabrın 19-da başlayan və 24 saatdan da az çəkən lokal antiterror tədbirləri bütün məsələni həll etmişdi. Sadəcə, bəzi nüasnlar var idi ki, onlar bir qədər zaman tələb edirdi. Vaxtiylə separatçıların nəzarətində olan ərazilər bu gün kəndbəkənd, küçəbəküçə ordumuzun nəzarətinə keçməkdədir.
Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası istiqamətində ciddi addımalr atmaqdadır. Onların nümayəndələri ilə keçrilən görüşlər, sadə ermənilərə ünvanlanan müraciətlər, edilən humanitar yardımlar və s. bunun göstəricisidir.
Təbii ki, Qarabağdakı qondarma qurumun özünü buraxması Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin və onun Müzəffər Ali Baş Komandanının uğurlu fəaliyyətinin nəticəsidir. Əgər separatçılar vaxtında bu qərarı versəydilər, nə bu qədər zaman itirilməzdi, nə də şəhidlərimiz olmazdı. Fəqət Ermənistan rəhbərliyinin və separatçıların tutduğu yol antiterror tədbirlərini zəruri etdi.
Lokal antiterror tədbiri separatçılara vurulan son zərbə oldu. Bu tədbirlərin nəticəsi isə göz qabağındadır və bu, bizim hər birimizdə qürur doğurur”.
Seymur ƏLİYEV





























