
Aqil Şirinov: “Şuşa elm və musiqi baxımından da müsəlman şərqinin qabaqcıl şəhərlərindən biri kimi tanınıb”
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilib.
Bu mühüm tarixi olayla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov bunu Şuşanın İslam dünyasındakı önəminə verilən diqqət kimi xarakterizə edib:
“2023-cü il Şuşa türk dünyasının mədəniyyət paytaxtı seçilmişdi. 2024-cü il üçün isə İslam dünyasının mədəniyyət paytaxtı seçildi ki, bu da təsadüfi deyil.
Şuşa həqiqətən də İslam memarlığı, İslam mədəniyyəti baxımından çox zəngin bir şəhərdir. Şuşanın 17 məhəlləsinin hər birində bir məscid olub. Bu məscidlər Qarabağ xanlığı dövründə inşa edilmiş məscidlərdir. Bu gün də həmin məscidlərin bir qismi dövlət tərəfindən restavrasiya olunmaqdadır. Hansı ki, həmin məscidlərin hamısı ermənilər tərəfindən dağıdılmışdır. Yalnız Yuxarı Gövhərağa məscidi qismən öz mövcudluğunu qoruyub saxlamışdır. Bununla yanaşı, bu məscidə qarşı da vandalizm aktları gerçəkləşmişdir. Lakin qeyd etdiyimiz kimi,dövlətimiz tərəfindən həm Yuxarı Gövhərağa, həm də Aşağı Gövhərağa məscidləri restavrasiya edilmişdir. Saatlı məscidi və digər İslam abidələri də dövlət tərəfindən təmir olundu.
Bütün bu abidələrə diqqət yetirəndə görürük ki, Şuşa ərazi baxımından böyük olmasa da, mənəvi-mədəni baxımdan zəngin bir şəhərdir. Şuşada təkcə məscidlər deyil, islam memarlığının bir hissəsi olan karvansaralar və s. kimi mühüm tikililər mövcuddur.
Şuşada çox böyük İslam alimləri yetişib. Onlar İslam mədəniyyətinə xidmət edən görkəmli alimlər olub.
Biz həm də Şuşanın Şərq musiqisi baxımından mühüm əhəmiyyət kəsb etdiyini də bilirik. Azərbaycan muğamının mərkəzlərindən biri də məhz Şuşa şəhəri olmuşdur. Muğam sənəti isə bütün müsəlman şərqində yayılan sənətlərdən biridir.
Şuşa istər dini baxımdan, istərsə də İslam şərqinə məxsus olan mədəni abidələr baxımından zəngin bir şəhərdir. Odur ki, Şuşanın islam dünyasının mədəniyyət paytaxtı seçilməsi təsadüfi deyil.
Şuşanın islam dünyasının mədəniyyət paytaxtı seçilməsi bədnam qonşularımız üçün də dərs olacaqdır. Onlar işğal dönəmində Şuşanın adını, kimliyini, simasını dəyişmək istədilər. Amma bunu bacarmadılar. Şuşanın 2024-cü il üçün islam dnyaısnn mədəniyyət paytaxtı seçilməsi ermənilər üçün də bir mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Şuşa heç vaxt erməni mədəniyyətinin bir hissəsi olmayıb. Şuşa tarixən İslam mədəniyyətinin bir hissəsi olub. Şuşa bu gün də İslam mədəniyyəti baxımından mühüm bir mərkəzdir.
Şuşa şəhərinin kimliyini, hansı dəyərlər daşıdığını, hansı mədəniyyətin bir parçası olduğunu Vətən müharibəsindəki sonrakı dönəmdə bütün dünyaya elan edə bildik. Şuşanın 2023-cü ildə türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi bir daha onu göstərdi ki, Şuşa Azərbaycan şəhəri - türk-müsəlman şəhəridir və hər zaman da belə qalacaq!”
Seymur ƏLİYEV





























