
“Əslində Azərbaycan heç bir beynəlxalq hüquq normasını pozmayıb. Bu normaları Qarabağ məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldıran ölkələr pozub. Onların bütün addımları münaqişəni qızışdırmağa yönəlib”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildiirb. Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman sülhpərvər siyasət yürüdüb və bu gün də bu siyasətə sadiqdir:
“Azərbaycan sülh istəyir. Ölkəmiz bütün dünyada sülhün, təhlükəsizliyin, rifahın tərəfdarıdır. Biz Ermənistanı sülh müqaviləsini imzalamağa çağırırıq. Biz Qarabağdakı ermənilərə humanitar yardım göndərir, onların təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik. Lakin buna baxmayaraq separatistlər, onların havadarları vəziyyəti gərginləşdirməyə çalışır.
Bu baxımdan, BMT-nin Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclasın keçirilməsi də bu qüvvələrin marağına xidmət edirdi. Lakin Azərbaycan bu iclasda bir daha erməni yalanlarını faktlar əsasında ifşa etdi. Sübut etdi ki, antiterror tədbirlərinin keçirilməsinin real və çoxsaylı səbəbləri mövcud olub. Habelə, bu tədbirlər zamanı mülki şəxslərə və obyektlərə zərrə qədər də olsun zərər yetirilməyib, yalnız və yalnız hərbi obyekt və infrastrukturlar hədəfə alınıb.
Bu baxımdan BMT Təhlükəsizlik Şurasında keçirilən iclasıların nəticəsi olaraq hər hansı sənədin qəbul edilməməsi ölkəmizin diplomatik uğurudur və bizim Ermənistan üzərində növbəti zəfərimiz kimi dəyərləndirilməlidir”.
Seymur ƏLİYEV





























