27 dekabr 2022-ci il tarixində DİN-in Polis Akademiyasında elmi yaradıcılıq fəaliyyətinin və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunan “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisinin, Azərbaycan Respublikası Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri qonaq qismində iştirak edib. Beynəlxalq elmi-praktik konfransda 20 ölkədaxili qurumdan 35 əməkdaş birbaşa, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus və
Qazaxıstan Respublikalarının 14 təhsil müəssisəsindən 18 əməkdaş onlayn formatda iştirak ediblər.
Tədbir iştirakçıları Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyduqdan sonra konfrans zalında Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev insan hüquq və azadlıqlarının üstünlüyünün daxili işlər orqanlarının fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, h.ü.f.d. Əli Hüseynli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), h.ü.f.d. Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Türkiyə Respublikasının Təhlükəsizlik Elmləri İnstitutunun direktor müavini, dos.dr.Mustafa Yayla, Belarus Respublikası DİN-in Mogilyov İnstitutunun rəisi, milis general-mayoru Voleriy Poleşuk, Rusiya Federasiyası DİN-in Rostov Hüquq İnstitutunun rəis müavini, polis polkovniki Sergey Paxomov, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini, polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi, professor Aynur Sabitova açılış nitqi ilə çıxış etdilər.
Fasilədən sonra yerli və xarici iştirakçıların “Effektiv araşdırmanın Beynəlxalq və konstitusion aspektləri”, “Milli insan hüquqları institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq norma və prinsiplər”, “Azərbaycanda mediasiya islahatlarının insan hüquqlarının müdafiəsinə müsbət təsiri”, “Yetkinlik yaşına çatmayanların hüquqları sistemi”, “Birləşmək hüququ: hüquqi tənzimlənmə və fəlsəfi mahiyyət”, “Məişət zorakılığının insan hüquqlarının pozulması kimi təzahürü”, “Milli və beynəlxalq müstəvidə mənzil toxunulmazlığı hüququnun qorunması”, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququ”, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin demokratik dövlət quruculuğunda rolu” mövzularında təqdimatları dinlənildi. Çıxış və müzakirələrdə Akademiyanın kursantları da iştirak etdilər.
Konfransın yekununda insan hüquq və azadlıqlarının təmin olunmasının müasir və demokratik ölkələrin əsas hədəflərindən biri olduğu vurğulandı, Bəyannamə oxundu, iştirakçılara nəfis şəkildə çap olunmuş konfrans materialları, “İnsan hüquqları” adlı dərs vəsaiti, sertifikatlar və hədiyyələr təqdim edildi.