2022-ci il noyabrın 24-də Azərbaycan xalqı özünün igid, vətənpərvər və bilikli övladlarından birini itirdi. Xəqani müəllim onu tanıyanların, dostlarının yaddaşında həmişə mərd, sözü ilə əməli bir olan şəxsiyyət, əsl insan və həqiqi alim kimi qalacaq.
Rzaquliyev Xəqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olmuşdu. O, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu və Azərbaycanın ilk döyüşçü-jurnalisti idi.
Xəqani müəllim I Qarabağ müharibəsində erməni helikopterini avtomat silahla vurub yerə salmış, ən şiddətli üzbəüz döyüşlərdə, düşmənin möhkəmləndirilmiş mövqelərinə həmlələrdə iştirak etmiş, 1992-ci il martın 12-də ağır yaralanıb qazi olmuşdu.
O, Azərbaycan tarixinin gözəl bilicilərindən idi. Vahid Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Səfəvini dərin məhəbbətlə sevir, həmişə Azərbaycanın dövlətçilik tarixini təbliğ edirdi.
Peşəkar jurnalist və tədqiqatçı Xəqani Rzaquliyevin qələmindən bir neçə qiymətli kitab, yüzlərlə məqalə çıxmışdır. O, Fedai.az və Veteran.az saytlarının fəaliyyətinə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinə rəhbərlik edirdi.
Bütün həyatı boyu dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda yorulmaq bilmədən calışmış Xəqani müəllim 44 günlük Vətən Müharibəsi günlərində daim ordumuzun, qəhrəman döyüşçülərimizin yanında olmuş, şəhid ailələrinə, qazilərə baş çəkmiş, onlara əlindən gələn köməyi göstərmişdir.
Qədim bəy nəslindən olan Xəqani Rzaquliyev həm də səmimi, təvazökar və xeyirxah insan idi.
Yazımızı Xəqani bəyin bu sözləri ilə bitiririk: “Yuxudan ayılmaq zamanıdır. Yatan millətlərin Yeni Dünya düzənində yerləri yoxdur”.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Jurnalist-tədqiqatçı Araz Şəhrili