Mariluize Bek: “Ukraynalılar Rusiya ordusunu məğlub etməklə bu müharibəyə son qoyacaqlar”
Kiyevdə olarkən Bundestaqın Yaşıllar Partiyasından keçmiş deputatı Mariluize Bek Ukrayna səmasını raketlərdən və Rusiya təyyarələrindən bağlamaq üçün çağırış edir və Rusiyanın enerji təchizatına embarqo qoyulması ideyasını dəstəkləyir.
Rusiya Federasiyası Baş Prokurorluğunun “arzuolunmaz təşkilatlar” siyahısına daxil etdiyi Berlin Liberal Müasirlik Mərkəzinin (Zentrum Liberale Moderne) təsisçiləri Almaniyanın “İttifaq-90”/“yaşıllar” partiyasının nümayəndələri Mariluize Bek və Ralf Fyuks Rusiya və Ukrayna arasında müharibə başlayandan sonra Almaniyadan Kiyevə səfər edən ilk siyasətçilər oldular.
Moderator.az xəbər verir ki, bundestaqın keçmiş deputatı “Deutsche Welle” (DW) nəşrinə müsahibəində Almaniyanın Ukraynaya necə və hansı şəkildə kömək etməli, Ukrayna səmasının Rusiya raket və təyyarələrinə bağlanmasının nə dərəcədə vacib olduğunu və Rusiyadan enerji təchizatına embarqonun tətbiq edilməli olub-olmaması ilə bağlı baxışlarını bölüşüb.
- Xanım Bek, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələ bilərmi? Və bu halda bu qələbə necə görünə bilər?
- Ukraynanın qalib gələ biləcəyini bilmirəm. Ümid edirəm ki, bu, Rusiya ilə Putinin təkcə Ukraynaya deyil, Avropaya qarşı müharibəsidir. Düşünürəm ki, əgər Rusiya burada qalib gəlsə qoşunlarının Aİ sərhədlərində olacağını Polşa və Baltikyanı ölkələr biz almanlardan daha yaxşı başa düşürlər.
Onların müharibədə qalib gəlib-gəlməyəcəyi sualının cavabı məncə, daha çox Qərbin Ukrayna ordusunu nə dərəcədə yaxşı təchiz etməyə hazır olacağından asılıdır. Bilirsiniz ki, Almaniya bu məsələdə çox tərəddüd edir. Polşa və ABŞ isə əksinə, çox yaxşı işlər görürlər. Fransa və Almaniya məncə, Ukrayna ordusunu ehtiyac duyduqları silahlarla təmin etmək üçün daha çox şey edə bilər. Və bu, ölkənin səmasını Rusiya raket və təyyarələrinə bağlaya bilmək üçün xüsusilə vacibdir.
- İndi Almaniyadan gələn yardımı necə dəyərləndirmək olar: çox azdır, yaxud çox gecdir? Yoxsa Almaniya hələ də mühüm rol oynaya bilər?
- Sözsüz ki, həm çox gecdir, həm çox azdır və bu, Ukraynaya ilk növbədə lazım olan şey deyil. Dediyim kimi, mən hərbi ekspert deyiləm, amma əsas odur ki, səma bağlanmalıdır.
Bu gün uşaq xəstəxanasına getdik, amma hər dəfə palatalara girmirdik. Biz yalnız fotoşəkilləri görürdük. Amma buna inanmaq çətindir, raket zərbələrinin nəticələri... Deməli, səmanı bağlamaq həqiqətən də mülki əhalinin maraqlarına uyğundur.
- Siz uzun müddətdir ki, Vladimir Putin Rusiyasının yaratdığı təhlükələrdən çox açıq danışan insansınız. Sizcə, Almaniyada indi ictimai müzakirələr dəyişirmi? İnsanlar vəziyyətin ciddiliyini dərk ediblər? Yoxsa Almaniya Kremllə açıq əlaqələr saxlamaqla hələ də gözləmə mövqeyi tutmağa hazırdır?
- Düşünürəm ki, bütün demokratik ölkələr müharibəyə daxil olmaq istəmirlər. Bu çox sağlam yanaşmadır, çünki insanlar özləri müharibədə olmasalar belə, ailələrində bunun nə demək olduğunu xatırlayanlar var. Ona görə də müharibədən qorxurlar - bu, çox təbii və normal bir hissdir.
Amma indi belə bir anlayış yaranıb ki, əgər siz müharibəyə, təcavüzə qarşı mübarizə aparmasanız, o zaman müharibə sizə tərəf gələcək. Və bu, məncə, Almaniyanın qəbul etmək istəmədiyi bir xəbərdarlıqdır. Bunu həqiqətən dərk etmək üçün bizə bir qədər vaxt lazım olacaq. Çoxlarının hələ də bəlanın öz-özünə keçib gedəcəyinə ümidi var.
- Ukraynada çoxları Almaniyanın Rusiyanın enerji təchizatına embarqo qoymasını istəyir. İndi bildiyiniz kimi, Kreml artıq Rusiya qazı üçün rublla ödəniş tələb edir. Sizcə, Almaniya indi embarqo tətbiq etməyə və bu iqtisadi zərbəni öz üzərinə götürməyə hazırdırmı?
- Qaza rublla ödəniş tələbinə gəlincə, bütün ölkələrin “biz bunu etməyəcəyik, çünki bu, Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar rejimini sarsıdacaq” dediyini eşidəndə çox sevindim.
Almaniya təəssüf ki, Rusiya qazından çox asılı vəziyyətə düşüb. Bizə uzun illərdir xəbərdarlıq edirdilər. Biz isə buna inanmaq istəmirdik. Hökumətimiz buna inanmaq istəmirdi. Beləliklə, bizim problemlərimiz var və tam embarqoya getsək də, problemlərimiz yenə olacaq.
İndi artıq kömür və neftdən imtina etmək yolunda inkişaf var. Problem bizim sənayemiz üçün lazım olan qazdadır. Amma buna baxmayaraq, bizim arqumentimiz ondan ibarətdir ki, əgər biz embarqo qərarına gəlsək və bununla da Kremlə böyük ziyan vursaq, o zaman Putinin döyüş maşınının dayandırılmasına real şans var. Nə Rusiyadan idxal, nə də Rusiya Federasiyasına müasir texnologiyaların çatdırılması və sair olacaq.
Almaniya hökumətinin hazırda əsas qorxusu payızda qazımızın tükənəcəyi ilə bağlıdır. Amma bu yanlış yanaşma ola bilər. Biz embarqonun tez tətbiq edilməsinin tərəfdarıyıq və inanırıq ki, - bunu Ukraynada da bizə deyirlər - bu, düzgün yanaşmadır və müharibənin hamının düşündüyündən daha tez bitməsinə gətirib çıxaracaq.
- Kiyevdən gəldiyinizdən daha nikbin əhval-ruhiyyə ilə ayrılırsınız?
- Yox, mən buradan böyük nikbinliklə getmirəm. Mariupol dramı açıq-aydın dünyanın görmək istəmədiyi bir həqiqətdir. Bu, inanılmazdır! Başqa şəhərlərdə baş verənlər isə.... Müharibələrdə həmişə baş verən şeylər: zorlamalar, deportasiyalar, Rusiyaya məcburi köçmələr, uşaqların ailələrindən çıxarılması - hər şey burada da baş verir. Çox çirkin və qəddarcasınadır. Burada olan Kadırovçular öz qəddarlıqları ilə öyünürlər. Yox, nikbinliklə getmirəm. Ümidlə ayrılıram ki, ukraynalılar Rusiya ordusunu məğlub etməklə bu müharibəyə son qoyacaqlar.
Tərcümə və təqdim etdi: Miraslan