Ukrayna xalqı haqqında - Nəsiman Yaqublunun yazısı
Aktual
3606
25 Mar 2022 | 13:06

Ukrayna xalqı haqqında - Nəsiman Yaqublunun yazısı

M.Ə.Rəsulzadə  sayca çox olmayan Belçika xalqı haqqında yazırdı: “Belçikalılarca: yanmaq, dağılmaq,ölmək, qərq olmaq, amansız düşmənin rəhmsiz həmlələrinə məruz qalmaq - bunlar hamısı məmləkəti müdafiəsiz  bir surətdə  düşmənə təslim etməkdən uludur(ilkindir,əvvəldir).Bu kiçik qitəli,fəqət böyük qəlbli millətin düsturu  iştə budur:”Vətən yolunda ölmək var, dönmək yoxdur!”(Bax:”İqbal” qəzeti, 2 oktyabr 1914-cü il, N753).
         
Həqiqətən  bəzi xalqların qeyri-adi bacarıqlarını və vətənpərvərliyini ortaya çıxaran tarixi məqamlar olur.Belə məqamlar isə çox zaman insan itkiləri və dağıntılarla müşahidə olunan müharibələrdə və azadlıq mücadilələrində  görünür. 
   
Ukrayna xalqının Rusiya işğalına qarşı apardığı mücadilə həqiqətən qəhrəmanlıqlarla doludur.Bu mücadilə qarşı tərəflə qeyri-adi gücdə olan  bir xalqın əzmini və vətən sevgisini ortalığa qoydu.İlk öncə heç bir ukraynalı bu işğalla barışmadı və sonadək mücadilə edəcəyini söylədi.Ölkəni tərk edən isə qadınlar,uşaqlar və yaşlı qocalar oldu.Kişilər əlində silah vətən torpaqlarında qalıb onu qorudular.Heç kim yurdunu təslim etmək fikrində deyil.
     
Digər maraqlı məqam xalqın ölkə prezidenti ilə həmrəy olmasıdır.Prezidenti xalq seçib və onun əleyhinə kimsənin bir narazılığını eşitmədik.Prezident də  onu xalqın seçdiyinə əmindir və ciddi məsələlərin referendumla həll edilə biləcəyini söyləyir.
   
Qarşı tərəf isə əksinə, köhnə sovet şüarları ilə səslənir:”imkan verməyin, hakimiyyəti ələ keçirin”. Bir- çox yerlərdə uğur qazanmış bu şüar Ukraynada  reallaşmadı- hakimiyyəti xalq  seçib formalaşdırıbsa onda nədən gedir söhbət?
     
Qarşı tərəf unutdu ki, 20 ildən çoxdur əldə zorla saxlanan  hakimiyyətin effektivsizliyinə qarşı dayanan seçimli hakimiyyət var və bu çox zaman nüvə silahından da qüvvətli olur.
     
Yaşadığı  evi dağılmış olan  bir qoca   öz qarısı ilə pəncərələri  parçavə  salafanla bağlayaraq deyir:”burda qalacağam,  son nəfəsimə qədər bu evimdən çıxmayacağam”. 
     
Bir balaca uşaq isə tək-tənha yüz kilometrlərlə yolu əzabla gedir  və yenə Ukraynanın azadlığından danışır.
       
Ukraynadan gələn bir müğənni isə(adı Camaladır) həyat yoldaşının orada qalıb savaşdığını qürurla danışır, göz yaşlarını boğaraq xalqına güc verən mahnısını oxuyur.
       
Göydən bomba atılır və heç bir müddət keçməmiş insanlar evin təmirinə başlayır, dağıntıları təmizləyir.
       
Zirzəmilərdə uşaqlar doğulur, analar əsla şikayət etmir və “Ukraynanın müstəqilliyi, torpaq bütünlüyü” deyir. Neçə müddətdir ki, hətta həftənin günlərini unudan bir ukraynalı isə deyir:“onları biz çağırmamışıq, nə üçün buraya gəliblər,torpaqlarımızı işğal edirlər?”.
           
Ukrayna xalqı mücadilə edir və tarixdə əbədi qalacaq qəhrəmanlığ  nümunələri  göstərir. Bir müddət sonra nağıla, dastana dönəcək bu qəhrəmanlıqlar dünya xalqlarının və bizim hamımızın gözü qarşısında baş verir.
Link kopyalandı!
Son xəbərlər