Nazirlər Kabinetinin məlum qərarından və təhsil haqqında qanuna edilən dəyişiklikdən sonra oktyabrın 12-dən etibarən şagirdlər məktəbə vahid məktəbli formasında gəlməli idilər. Bu tələb hüquqi baxımdan Azərbaycan vətəndaşları üçün məcburi xarakter daşıyırdı. Həm təhsil verənlərin, həm şagirdlərin, həm də valideynlərin üzərinə müəyyən öhdəliklər qoyulurdu. Valideynlər övladlarının məktəbə məktəbli formasında getməsini təmin etməli, təhsil verənlər isə qüvvədə olan tələblərə uyğun olaraq şagirdlərin geyim qaydalarına riayət etmələrinə nəzarət etməli idilər.
Lakin məsələyə ölkənin ali hüquqi qüvvəyə malik sənədi olan Konstitusiyanın müddəaları baxımından yanaşsaq, görərik ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Dünyəvilik o deməkdir ki, Azərbaycanda dövlət və təhsil sistemi dindən ayrıdır. Konstitusiyada dövlətin dünyəviliyi bir sıra müddəalarla təsbit olunub.
Yəni Azərbaycanda heç bir dinə üstünlük verilmir. Heç bir din dövlət dini və ya məcburi din kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasında dini qurumlar dövlətdən ayrıdır, lakin qanun qarşısında bərabərdirlər.
Məlum qərarda məktəbdə olarkən məktəbli formasının geyinilməsi tələb olunur. Məktəbdən sonra isə şagirdlər geyimlərini öz istəklərinə uyğun seçməkdə tam müstəqildirlər. Qanunvericilikdə məktəbdən sonrakı dövrə dair belə bir məhdudiyyət nəzərdə tutulmur.
Qanunun tətbiqi ilə bağlı diqqətdən kənarda qalan, valideynlərə və şagirdlərə tam izah edilməmiş məqamlar da ola bilər. Belə ki, məktəblərdə rəsmi və əlamətdar günlərdə də eyni məktəbli formasının geyinilməsi tələb olunur. Digər hallarda isə şagirdlər müəyyən edilmiş geyim qaydaları çərçivəsində seçim edə bilərlər.
Oktyabrın 12-də müvafiq tələblərin qüvvədə olmasına, televiziya kanallarında və sosial şəbəkələrdə izahlı açıqlamaların verilməsinə baxmayaraq, bəzi şagirdlər və valideynlər qaydalara uyğun davranmayaraq məktəbə gəldilər. Nəticədə məktəbli formasına uyğun geyinməyən bəzi şagirdlərin dərsə buraxılmadığı bildirildi. Bu isə müəyyən şəxslərin etirazına səbəb oldu. Nəticədə dərs prosesinin pozulması, ictimai asayişin pozulması, vətəndaş hüquqlarının məhdudlaşdırılması və polisin qanuni tələblərinə tabe olmama halları müşahidə olundu.
Bununla əlaqədar polis tərəfindən müəyyən tədbirlər həyata keçirildi və nəticədə qanunlara zidd davranışlarda ittiham olunan, eləcə də bu cür davranışlara təşviq etdiyi bildirilən 37 nəfər cəmiyyətdən təcrid olundu.
Lakin burada diqqət çəkən məqam ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi nə üçün qərarın tətbiqindən əvvəl məktəblərdə geniş izahat və maarifləndirmə işləri aparmadı? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hicablı ailələrlə müzakirələr apararaq qanunun tələblərini və mahiyyətini onlara aydın şəkildə izah etməli idi. Nəticədə maarifləndirmə istiqamətindəki yükün əsasən polisin üzərinə düşdüyü mənzərəsi yarandı.
Əgər söhbət təhsilin keyfiyyətindən və uşaqların təhsilə cəlb olunmasından gedirsə, İslam dininə etiqad edən şəxslərə də izah edilməli idi ki, İslam dini elmi və oxumağı təşviq edir.
Milli Məclisin deputatı, hörmətli Zahid Oruc da açıqlamasında qeyd etmişdi ki, Qurani-Kərimdə Peyğəmbərimizə ilk müraciət oxumaqla başlayır. Biz övladlarımızı oxumağa təşviq etməliyik. Məktəbli forması şagirdlər arasında fərq qoyulmamasına xidmət edir. Bu forma sayəsində heç kim geyiminə görə digərindən seçilmir və siniflərdə vahid geyim mədəniyyəti formalaşır.
Ərazidə xidmət aparan sahə müvəkkili də polis formasında olmalıdır. Bu geyim həm də ətrafdakılara profilaktik xəbərdarlıq xarakteri daşıyır. İş saatı başa çatdıqdan sonra polis əməkdaşları mülki geyimdə ola bilərlər.
Məktəbli forması dinimizə, davranışımıza, mədəniyyətimizə və əxlaqımıza zidd deyil, əksinə, milli-mənəvi dəyərlərimizlə uzlaşır. Təhsil ocaqlarını mədrəsələrlə eyniləşdirmək olmaz. Məktəblər dünyəvi təhsil müəssisələridir və onların əsas məqsədi şagirdlərə müasir biliklər verməkdir.
Bu məsələdə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə fəaliyyət göstərərək qanunun tətbiqindən əvvəl zəruri maarifləndirici tədbirlər həyata keçirməli idilər. Bu, cəmiyyətdə arzuolunmaz halların baş verməsinin qarşısını almağa kömək edə bilərdi.
Təbii ki, hadisələr baş verdikdən sonra qanun pozuntularına yol verən şəxslər barəsində qanun çərçivəsində tədbirlər görülməli və onlar məsuliyyətə cəlb olunmalıdırlar. Bununla belə, hüquqi tələblərin icrası ilə yanaşı, qabaqlayıcı maarifləndirmə işlərinin aparılması da mühüm əhəmiyyət daşıyır.
Hüquqşünas, publisist Şəmsəddin Əliyev