Türk dünyası yeni dünya nizamının güc mərkəzlərindən biri halına gəlir
1768
08 Apr 2021 | 17:18

Türk dünyası yeni dünya nizamının güc mərkəzlərindən biri halına gəlir

Böhran içində olan beynəlxalq münasibətlər sistemi yeni nizam və güc dağılımının astanasındadır. İkinci dünya müharibəsindən sonra qərarverici mərkəzlər arasında təsir dairələri, işləyiş mexanizmi və qırmızı xətləri  qətiləşən qlobal nizamın Sovet İttifaqının dağılması və Çinin  qlobal oyunçu kimi ortaya çıxmasıyla birlikdə yeni güc yüksəlişi və geriqalmaların gətirdiyi  geopolitik reallıqları özündə əks etdirə bilmədiyi meydana çıxdı. Suriya böhranı və Böyük Yaxın Şərq proyekti çərçivəsində Türk İslam dünyasının lokomotiv gücü Türkiyənin milli təhlükəsizliyinin birbaşa öz müttəfiqləri tərəfindən  hədəf alınmasıyla müttəfiq və rəqib təsvirləri də  dəyişdi, dijital çağın  bütün mənalarda yeni qlobal formatlanmasının qaçınılmazlığı ortaya çıxdı. İmperial güclərin Aralıq və Qara dəniz hövzəsinin gələcəyi, Balkanlardan Türküstana uzanan geniş coğrafiyalarda hakimiyyət təsis etmək baxımından  kritik önəmdə gördükləri  Türkiyə gəmisini öz limanlarına dəmirləmək üçün baş vurduqları bütün daxili və xarici hücumlar  bərtaraf edilmiş, Ankara mədəniyyət coğrafiyalarıyla birlikdə potensiyal gücünü aktiv gücə çevirə bilmək üçün  qarşı həmlələrə başlamışdır.  Aparılan müstəqil xarici siyasət  Türk İslam coğrafiyalarında yeni oyanış və yüksəliş ümidlərini də bəsləmiş, qlobal və regional tarazlıqlara, Türkiyə-Rusiya, Türkiyə-Amerika-Avropa Birliyi, Türkiyə-Çin münasibətlərinin xarakterinə dərin təsir etmişdir. Əsrlər boyu Avrasiyada qurduqları böyük dövlətlərlə dünya tarixinin gedişinə yön verən, Anadolu, Qafqaz və Orta Asiya güzergahlarındakı ticarət yolları, dəhliz və strateji qovşaqlara hakim olaraq geniş coğrafiyaların təhlükəsizliyindən məsul olan Türk Dünyasının önündə yeni fürsətlər meydana gəlmişdir. Həm də böyük dövlətlərin rəqabət sahəsi də olan bu çətin coğrafiyada Türkiyə qüdrətli ordusu, yüksələn hərbi sənayesiylə gücünə güc qatarkən 30 illik müstəqillik dövrünün qazanclarınıı daha da qüvvətləndirən Türk Cümhuriyyətləri də aralarındakı inteqrasiyasını dərinləşdirərək çox qütblü yeni qlobal sistemin  güc mərkəzlərindən biri halına gəlməkdədir.

 

Orta Asiyanın  cazibə mərkəzi  Özbəkistanın da  Türk Şurasına üzv olması,  Sovet dövrü yaradılan Özbək-Qırğız ərazi problemlərinin böyük ölçüdə həll edilməsi, uzun illər Xəzər dənizində Türkmənistanla Azərbaycan arasında  mübahisəyə səbəb olan neft- qaz yatağının birgə işlədilməsiylə bağlı qərarın verilməsi,  Türkiyə-Azərbaycan ittifaqının Qarabağ zəfərinə imza ataraq  Cənubi Qafqaz və  Türk Dünyasında yeni siyasi-hərbi reallıqlar yaratması, Türkiyə-Özbəkistan və Türkiyə-Qazaxıstan arasındakı hərbi əməkdaşlığın dərinləşməsi diqqətləri Türk Şurasının toplantılarına yönəltmişdir. Bu mənada 31 mart tarixli Türküstan toplantısının gündəmi və dövlət başçılarının verdikləri  mesajlar üzərində  durmaq lazımdır. Prezident Ərdoğanın da ifadə etdiyi kimi Şura toplantısında iştirak edən Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədovun da ölkəsinin Şuraya üzvlüyüylə bağlı  qərar verərək müstəqil Türk dövlətlərinin toplandığı bu birliyi tamamlama yönündə iradə ortaya qoyması, nüvə gücü Pakistanın  müşahidəçi statusuyla  da olsa ittifaqa daxil olması Türk Şurasıyla bağlı önümüzdəki dövrün əsas gözləntiləri arasındadır. Lakin  Türk Şurasının regional və qlobal tarazlıqlar baxımından artıq yeni bir cazibə mərkəzi kimi qəbul edilməyə başlandığı , bir neçə ölkənin müşahidəçi üzv olmaq üçün müraciət etdiyi də məlumdur.  

 

31 Mart qeyri rəsmi zirvəsində alınan ən önəmli qərarlardan biri  Türk dünyasının  2025 və  2040-cı illəri əhatə edən strateji vizyon və əməkdaşlığının perspektivlərini ehtiva edən sənədin hazırlanmasına başlanması, tarixi –mədəni aspektdə bütün Türk xalqları üçün birləşdirici dəyəri olan Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtlarından biri elan edilməsidir.

Rusiya və Ermənistanla birlikdə MDB Kollektiv Təhlükəsizlik Təşkilatında da  yer alan Qazaxıstan və Qırğızıstanın 44 günlük müharibədə olduğu kimi zirvə bəyannaməsi ilə də  Qarabağ zəfəri münasibətiylə Azərbaycana təbrik edərək  dəstək verməsi, işğaldan azad edilən ərazilərin yenidən bərpa edilməsində Bakıya kömək edəcəklərini bəyan etmələri, ölkələrin ərazi bütövlüyü çərçivəsində Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesinin önəminə işarət etmələri də əhəmmiyətli olmuşdur. Prosesin başından etibarən Qarabağı eyni zamanda Türkiyənin də milli məsələsi olaraq görərərək qətiyyətli bir şəkildə Azərbaycanın haqlı mübarizəsinə dəstək verən,  zəfər üçün mümkün olan bütün addımları atan prezident Ərdoğanın da Ramazan bayramı sonrasında Şuşanı ziyarət edəcəyini bəyan etməsi Azərbaycan Türklərinin qəlbində ayrı bir sevinc və həyəcan yaratmışdır. Rusiyanın dağılmış Ermənistan ordusunu yenidən qurmağa çalışaraq,  hətta  bəzi addımlarıyla  Xankəndindəki separatçı rejimi cəsarətləndirərək Qarabağda 5 illik deyil qalıcı olmanın planlarını qurduğu hazırkı konyuktura içində  cənab Ərdoğanın Qarabağ səfəri xüsusi əhəmmiyət kəsb edəcək, fərqli hesabları olan çevrələrə də güclü  məesaj olacaqdır.  Azərbaycan prezidenti İ. Əliyevin Zəngəzur dəhlizinin  açılmasının  Türk dünyasının coğrafi bütünlüyünün təmin edilməsindəki roluyla bağlı söylədikləri də olduqca diqqət çəkici idi: “Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infra-struk-tur layihələri bütün Türk dünyasını birləşdirəcək”.  Bu tarixi mesajla  birlikdə prezident İ. Əliyevin zəfərin əldə edilməsiylə artıq Qarabağ məsələsinin kökdən həll edildiyinə işarət edərək Sovet dövrü süni şəkildə formalaşdırılan siyasi-inzibati vahid olaraq Dağlıq Qarabağ vilayətinin ləğvini bildirərək  Qarabağın bir bütün olduğunu, bu termindən istifadə edilməsinin yanlışlığını bəyan etməsi,   münaqişənin həlli üçün indiyə qədər heç bir iş görməyən Minsk Qrupunun bu mərhələdən sonra varlığını davam etdirməsinin mənasız olduğunu təkrarlaması da  Qarabağla bağlı mühüm tezislərdir.

 

Ərdoğanın Şimali Kiprin də Türk dövlətləriylə inteqrasiyasının dərinləşdirilməsinin vacibliyinə diqqət çəkməsi, Özbəkistan dövlət başçısının Türk Dünyası İnkişaf Bankının qurulmasını təklif etməsi, nəqliyyat, gömrük, enerji kimi sahələrdə daha iddialı və real proyektləri həyata keçirmək üçün fəaliyyətlərin sürətləndirilməsi yönündə qərar alınması Türk dövlətlərinin Avropa Birliyi bənzəri bir ittifaqa doğru getdiyini göstərməktədir. Zirvə toplantısında Türk millətinin ortaq dəyərləri olan Əli Şir Nəvai, Yunus Əmrə, Nizami kimi ədəbiyyat və sənət adamlarının müştərək  təbliğ və anılmasının vacibliyinə, Türk İslam anlayışının hikmət və əxlaq yönünü bəsləyən Yeseviliyə, Türküstanın Türk tarixindəki yerinə  edilən vurğu da məfkurəvi- ideoloji  planda  Türk Dünyasının ortaq gələcəyə yürüməsi baxımından önəmli olmuşdur.

 

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Türk dünyası yeni dünya nizamının güc mərkəzlərindən biri halına gəlir" başlıqlı analitik yazısı.

 

Link kopyalandı!
Son xəbərlər