İslamda mürcid təlimi nədir?
4285
23 Jun 2016 | 20:49

İslamda mürcid təlimi nədir?



Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini  saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  Moderator.az saytı yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. 
Beləliklə, əsərin birinci hissəsi ilə tanış olun


ŞEYX MƏHƏMMƏD DAVUDİ

Rəhman və Rəhim olan Allahın adı ilə

“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi.” Quran, “Sad” surəsi, 30-cu ayə. 

XIX əsrdə Azərbaycanda yaşamış və İslam dinini təbliğ etmiş görkəmli şeyxlərdən biri də Məhəmməd Davudi olmuşdur. O, Zaqatala rayonunun Car kəndində təxminən 1823-cü ildə doğulub. Həyatını şəriət elmini öyrənməyə və onun gözəlliklərini xalqa təbliğ etməyə həsr etmişdir. Məhəmməd əfəndi “Quran”ı atası, ilahiyyat alimi olan Davud əfəndidən öyrənmişdi. Hələ altı yaşı olanda “Quran”ı sərbəst oxuyurdu. Gənc yaşlarında Dağıstanda tanınmış sufi şeyxlərindən dərs aldı. Daha sonra təhsilini davam etdirmək üçün Misirə getdi. Bir neçə il orada təhsil aldıqdan sonra Buxaraya getdi. Burada nüfuzlu elmi-dini mərkəz olan Buxara İlahiyyat Universitetində elmi-dini biliklərini daha da təkmilləşdirdi. Sonra Cara qayıtdı. “Quran” hafizi və ilahiyyat elminin dərin bilicisi olaraq yaşadığı  bölgədə böyük nüfuz qazandı. Hər tərəfdən onun yanına tələbələr gəlirdi. O, çox oxuyar və çox da yazardı. Onun kitabları və əlyazmaları öz dövründə çox yayılmışdı. Hətta vaxtilə Talada yaşamış və hazırda şərif məzarı ziyarətgah olan Şeyx Əhməd əfəndi (1839-1904) də Davudinin elmi biliklərindən faydalanmışdır. 
        Məhəmməd Davudinin qəbri Car kəndindəki məscidin həyətindədir. Başdaşındakı kitabə Quranın 55-ci surəsinin 26-27-ci ayələri ilə başlayır:

 Baş daşının şəkli




“Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
 Hicri 1334 il (1915-16).
 Bu qəbir Carda dünyasını dəyişmiş, şəriət elmlərinin dərin bilicisi, elm bağının bağbanı, zəka meyda¬nında qələbə çalmış müdriklərin başçısı, mövlana, hacıların zinə¬ti, Hacı Məhəmməd Əfəndi Da¬vu¬dinindir. O, daim İlahiyyat el¬mi¬ni araşdıraraq, təbliğ etmiş, ömrünün sonunadək Zaqatala bölgəsində unudulmuş Mürciid təlimini təbliğ etmiş və ölərkən işi yarımçıq qalmışdır. Allah onun ruhunu şad etsin”.


Tədqiqatçı Timur Aytberov “Qafqaz avarları” kitabında yazır: 
“Carda yaşayan tarix müəllimi Sədulda Məhəmməd Davudinin soyundan (şəcərəsindən) bəhs edən kitab vardır. Orada olan şəcərə bir neçə onilliklər əvvəl Qabaqçöl kəndində saxlanan hicri 1180-ci  illərə (1766-1767) aid ərəbcə əlyazmanın surətidir. Həmin əlyazmada Məhəmməd əfəndinin özündən əvvəlki nəslinin şəcərəsi bu ardıcıllıqla göstərilmişdir:
Hacı Məhəmməd əfəndi (1915-1916-cı ildə vəfat edib)
Davud əfəndi
Məhəmməd əfəndi
Usman əfəndi
Davud əfəndi
Davud əfəndi
Molla Məhəmməd
Beptilava
Əhməd
Loğman
Əhmədil Çar-Tali
Qasım
Beptilava
Xanəli
Qasım
Abdulla
Abdulkərim
Seyid Əli”

Tədqiqatçı T. Aytberovun göstərdiyi bu faktdan aydın olur ki, Məhəmməd əfəndinin onuncu nəsli (əcdadı) Əhmədil Car-Talali adını daşımışdır. Bu fikrə əsaslanıb belə güman edə bilərik ki, hazırda Car-Tala dairəsində yaşayan və Davudovlar kimi tanınan nəsillər bölgəyə XVII əsrin ortalarında gəlmiş və holodililər arasında məskunlaşmışlar.

Şəcərə siyahısındakı sonuncu adın Seyid Əli olmasına əsaslanıb belə bir fikir də yürütmək olar ki, Davudinin soykökü Həzrət Peyğəmbərimizin nəslinə - haşimilər soyuna bağlanır (düzgünün Allah bilir).
 
Əvvəllər Şəki-Zaqatala bölgəsi haqqında yazdığım kitablarda burada yaşamış və qəbri hazırda ziyarətgah olan bir çox kəramətli övliyaların həyatını və soy kökünü araşdırarkən, onların haşimilər nəslinə bağlandığı və bir neçə əsr qabaq yaşamış babalarına “Seyid” deyə müraciət olunduğu üzə çıxmışdı. Məsələn, Baş Layskidə Nurullah əfəndini, Baqqal kəndində Mahmud Axund babanı və digərlərini buna misal göstərmək olar (bax: müəllifin “Torpağı şərəfləndirənlər” və “Nurlu simalar” kitablarına).

Məhəmməd Davudinin ideoloj irsini araşdırdıqda sufiliyin nəqşibəndiyyə qoluna mənsub olan Davud ət-Taiyə bağlı olduğu məlum olur.
 Yeri gəlmişkən, qeyd edim ki, Davud ət-Tai sufilik cərəyanının nəqşibəndiyyə qoluna mənsub olan və bu silsilədə Peyğəmbər Əfəndimizdən sonra dördüncü pillədə duran, hicri 184-də (800-801) vəfat edən nəqşibəndi şeyxidir. O, İmami-Əzəm Əbu Hənifənin tələbəsi olub. Ola bilsin ki, Məhəmməd əfəndi ideoloji cəhətdən olduğu kimi, nəsil şəcərəsi ilə də Davud ət-Taiyə bağlı olsun. Düzgünün Allah bilir.


 MÜRCİİD TƏLİMİ

Məhəmməd Davudinin baş daşındakı kitabədə diqqət çəkən digər maraqlı məqam, onun  mücriid təlimini təbliğ etməsidir. Belə ki, İslam lüğətində olan məlumata görə, mürciid təlimi Həzrət Osmanın ölümündən sonra müsəlmanlar arasında mənasız çəkişmələrin qarşısını almaq məqsədi ilə Həzrət Əlinin   nəvəsi Əl-Həsən bin Məhəmməd tərəfindən VIII əsrin əvvəllərində yaradılmışdı və barışdırıcılıq, birləşdiricilik mövqeyi tutmuşdu. Bu təlim  həm Həzrət Ömər, həm də Həzrət Əli təraftarlarını özündə birləşdirmişdir. Onların təbliğatına görə nə Həzrət Osmanı, nə də Həzrət Əlini günahkar hesab etmək olmaz; onların günahı olub-olmadıgı axirət günü bilinəcək. O vaxta qədər bu böyük şəxiyyətlər haqqında mənfi fikir söyləmək doğru deyildir. Onun bu və digər mütərəqqi fikirləri tezliklə xilafətin bütün ölkələrinə - Xorasana, Suriyaya, İraqa və s. yayıldı. Tarixin müxtəlif dövrlərində  İmami-əzəm Əbu Hənifə, Davud ət-Tai, Qaylan Əd-Dəməşqi kimi böyük İslam alim və övliyaları bu təlimə öz töhfələrini vermişlər.     
    Bu gün həyatını araşdırdığımiz Şeyx Məhəmməd Əfəndinin baş daşındakı kitabədən aydın olur ki, bu böyük  Alim və övliya da öz dövründə mürciid təlimini təbliğ etməklə, İslam dinindəki parçalanmanın qarşısını  almağa, cəmiyyətin birliyinə və bütövlüyünə çalışmışdır. Çünki Allah ”“ təala Quranda dini parçalayanların axirətdə cəzalanacağını xəbər verir: 
“Şübhəsiz ki, sənin firqə- firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (axirətdə) onlara etdiklərini xəbər verəcəkdir!” Quran, “Davar” surəsi, 159-cu ayə.

 Məhəmməd Əfəndi də təqva sahibi oldu-ğundan, dini parçalamaqdan qorxmuş və İslamı unudulmuş mürciid təlimi ilə təbliğ etmişdir. Kitabədən də göründüyü kimi, onun ölümündən sonra yolunu davam etdirən olmamışdır.

 Başdaşındakı digər kitabənin tərcüməsindən isə aydın olur ki, Məhəmməd Əfəndi elmin öy-rənilməmiş sahələrini tədqiq etmiş (onun zən¬gin kitabxanası olmuş, kitablarının bir hissəsi nə-vəsi Məhəmmədəfəndinin evində saxlanmaqda-dır), kamilləşərək, övliyalıq məqamına yüksəlmişdir:

Uşaqlıqdan yüksək keyfiyyətləri özündə birləşdirərək elmin öyrənilməmiş səhifələrini tədqiq edərək və elmini tamamlayaraq, tədricən kamillik (müqəddəslik) zirvəsinə çatıb, Davudi oldu. O, ölməyib, bir dünyadan, başqa dünyaya köçüb. Onun əsərləri dövrünü işıqlandırır (çünki  o, Məhəmməd Davud oğlu olaraq, Allahın yolunu  getməkdə səhv etməyib). O, yüksək mərtəbələrə çatdıqca, yenə də öz ləyaqətini qoruya bilmiş və göylərə qədər yüksəlmişdir (Allah böyükdür). 
 Bu adam Car və Nuxa diyarında böyük nüfuz sahibi olmuşdur. O, ətrafına gümüşü işıq saçan, elmin okeanı, yetkinliyin və səxavətin zirvəsi olmuşdur.

Kitabədən aydın olur ki, Məhəmməd Əfəndi öz elmi, imanı, təqvası və ləyaqəti ilə müqəddəslik zirvəsinə çatmış, insanlar üçün kamillik və səxavət nümunəsi olmuşdur.

(ardı var)
Link kopyalandı!
Son xəbərlər