3177
06 May 2021 | 21:47

"Azərbaycan haqsızlığa qarşı qardaş ölkə ilə birgə mübarizəsini davam etdirəcək"

“Latviya parlamenti tərəfindən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması haqqında qərarın qəbul olunması təəssüf doğurur. Bu fakt növbəti dəfə tarixi gerçəkliklərin siyasi maraqlara qurban verilməsinin göstəricisidir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun üzvü  Fatma Yıldırım deyib.
 
Deputat bildirib ki, dünya ölkələri Ermənistanın saxta iddialarına uymamalıdır: “Əgər həqiqətən belə bir soyqırımı olsaydı, onda Ermənistan Türkiyənin arxivlərin açılması və bu məsələ ilə bağlı ortaq komissiyanın yaradılması ilə bağlı təkliflərini qəbul edərdi. Amma ermənilər bu təklifdən imtina etməklə yalan üzərində siyasət qurduqlarını nümayiş etdirirlər. Təəssüf ki, bir sıra ölkələr, o cümlədən Latviya erməni yalanlarına uyur, yaxud öz siyasi maraqları naminə belə bir ədalətsiz qərarlar qəbul edirlər”. 
 
Millət vəkilinin sözlərinə görə, Latviya parlamentariləri ədalət axtarışındadırsa, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar, kütləvi qırğınlar barədə öz mövqeyini ortaya qoymalıdır: “Erməni cəlladlarının Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı yaxın tariximizdə baş verib. Gerçək soyqırımı budur”.   
 
Fatma Yıldırım deyib ki, müvafiq beynəlxalq konvensiyaya əsasən, soyqırımı cinayətinin olması barədə səlahiyyətli məhkəmə orqanının qərarı olmalıdır: “Uydurma “erməni soyqırımı” ilə bağlı heç bir məhkəmə qərarı olmadığı üçün Latviya parlamentinin qəbul etdiyi qərarın heç bir əsası yoxdur. Bu qərar siyasi xarakterlidir və haqqa, ədalətə söykənmir. Azərbaycan hər zaman olduğu kimi, yenə də Türkiyənin yanındadır və haqsızlığa qarşı qardaş ölkə ilə birgə mübarizəsini davam etdirəcək”.
 
Link kopyalandı!
Son xəbərlər