“Təsəvvür edin ki, bu halda Azərbaycan kəndliləri mallarını asanlıqla Rusiya, Belarus, Qazaxıstan və s. ölkələrə gömrük haqqı ödəmədən apararaq pul qazana biləcəklər...”
Son vaxtlar Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmağa hazırlaşması, hətta gələcəkdə Turan Birliyinin yaranması baxımından Türkiyənin də sözügedən birliyə qoşulması barədə müxtəlif ideyalar, fikirlər səslənir. Eyni zamanda Rusiyanın keçmiş və indiki bir sıra davranışlarına görə, o cümlədən “İsgəndər M” raketləri ilə bağlı qalmaqaldan sonra ölkəmizin Kremlin hegemon olduğu Avrasiya Birliyinə daxil olmasının əleyhinə çıxış edənlər də xeylidir.
Analitik Tahir Cəfərli isə Moderator.az-a açıqlamasında Avrasiya İqtisadi Birliyinə qoşulmasının Azərbaycan üçün heç bir problem yaratmayacağını, əksinə, bunun kənd təsərrüfatının inkişafına, xalqın ümumi rifah halının yüksəlməsinə gətirib çıxaracağını iddia edir.
“Əvvəlcə onu deyim ki, Azərbaycan Vətən müharibəsində qalib gələndən sonra ölkəmizə qarşı tonla şayiələr yağmağa başladı. Hətta qardaş Türkiyədə də bizə qarşı təbliğat aparan blogerlər meydana gəliblər. Azərbaycana qarşı ağzına gələni danışanlara daha xalqın inamı olmadığından ermənilər bu dəfə Türkiyədə olan türkdilli erməniləri ortaya atıblar...
Amma Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və bu çərçivədə gömrük birliyinə də daxil olmasının vacibliyi göz qabağındadır. Bunu Azərbaycanın iqtisadi maraqları tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi İpək yolu layihələri və tranzit yollarının açılması yüklərin maneəsiz getməsi və çatdırılması üçün gözəl şərait yaradır. Ən əsası, bu, azğınlaşmış gömrük məmurlarının özbaşınalıqlarına son qoyur. Belələri daha dövlət xəzinəsinə girə bilmirlər. Tranzit yollarından gələn gəlirlər birbaşa Azərbaycanın büdcəsinə gedə bilir. Bu mənada Şimal sərhədinin açılması da ölkəmizdə kəndlərin, kənd təsərrüfatının canlanmasına gətirib çıxara bilər. Təsəvvür edin ki, bu halda Azərbaycan kəndliləri mallarını asanlıqla Rusiya, Belarus, Qazaxıstan və s. ölkələrə gömrük haqqı ödəmədən aparıb, satıb pul qazana biləcəklər. Beləliklə başqa problemlər də öz həllini tapar. Qarabağda erməni işğalından azad olunmuş kəndlərdədə kənd təsərrüfatı vüsət alar və inkişaf edər. Nəticədə də o torpaqların tam məskunlaşdırılması prosesi də asanlaşar”- deyə analitik vurğulayıb.
Sultan Laçın