Следите за нами в социальных сетях:
Paytaxtın mərkəzi küçələrindən biri olan Həsən Əliyev küçəsi sabahdan etibarən bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin üzünə bağlı olacaq. Çünki küçədə əsaslı təmir işlərinə başlanılıb, yeni asfalt örtüyü salınır. Artıq küçə boyu köhnə beton bardürlər sökülərək yeniləri ilə əvəz olunub. Magistral yoldakı bütün kommunikasiya xətləri də dəyişdirilib. Hazırda ərazidə kommunikasiya quyularının dəmir piltələri yeniləriylə əvəzlənir.
Yolun asfalt örtüyünün dəyişdirilməsilə əlaqədar Koroğlu Rəhimov küçəsindən Həsən Əliyev küçəsinə qədər olan 300 metrlik məsafə bağlanacaq. Bu yoldan istifadə edə bilməyən sürücülər alternativ yol kimi Koroğlu Rəhimov küçəsindən Atatürk prospektinə keçid edərək dönmə əməliyyatı ilə yenidən Həsən Əliyev küçəsinə qayıda bilərlər.
Yolda əsaslı təmir işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sabahdan etibarən yolun köhnə asfalt örtüyünün qaşınılacağını bildirərək əlavə etdi ki, növbəti asfalt yenilənməsi işləri Azadlıq prospektində aparılacaq.
Onu da deyək ki, adıçəkilən hər iki küçədə aparılan əsaslı təmirə səbəb yolu genişləndirməkdir.