“NATO mahiyyət etibarilə real heç nə təklif etmədən, güzəşt kimi səslənən formul tapmalıdır”
ABŞ Müdafiə Nazirliyinin keçmiş məmurları Vaşinqtonu Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı ciddi güzəştə getməməyə çağırıblar, çünki bu, alyansın “zəifliyi” kimi qiymətləndirilə bilər. Ekspertlər hesab edirlər ki, NATO mahiyyət etibarilə real heç nə təklif etmədən, güzəşt kimi səslənən formul tapmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The Times” nəşri yazır. Pentaqonun keçmiş yüksək rütbəli rəsmiləri ABŞ və onun NATO müttəfiqlərini Cenevrədəki böhran danışıqları zamanı Vladimir Putinə Ukrayna ilə sərhəddəki vəziyyətdə “geri çəkilməyi” təklif etməyə çağırıblar.
Xatırladaq ki, ABŞ və Rusiya rəsmilərinin vəziyyəti genişmiqyaslı hərbi münaqişəyə çevrilməmişdən əvvəl həll etmək ümidi ilə yanvarın 9 və 10-da Cenevrədə görüşəcəyi gözlənilir. Daha sonra yanvarın 12-də Rusiya-NATO şurasının iclası, yanvarın 13-də isə Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nümayəndələrinin görüşü baş tutacaq.
Qəzetin qeyd etdiyi kimi, Rusiya NATO-nu Kremlin təklif etdiyi təhlükəsizlik zəmanətləri ilə razılaşmağa məcbur etmək üçün Ukrayna sərhədi yaxınlığında 100 minə yaxın hərbçi yerləşdirib. Eyni zamanda, dekabr ayında keçirilən videobağlantı danışıqları zamanı ABŞ prezidenti Co Bayden Putinə açıq şəkildə bildirdi ki, əgər Rusiya Ukraynaya qarşı hər hansı addımlar atsa ABŞ Rusiyaya sanksiyalar tətbiq edə və Avropadakı hərbi mövcudluğunu artıra bilər.
Ekspertlərin fikrincə, NATO-nun istənilən ciddi güzəşti Moskvada alyansın gələcəkdə istifadə oluna biləcək “zəiflik əlaməti” kimi qiymətləndirilə bilər. Bu baxımdan Bayden və onun həmkarları “mahiyyətcə real heç nə təklif etmədən, güzəşt kimi səslənən formul tapmalıdırlar”.
Xüsusilə, qoşunların Polşadan və ya Baltikyanı ölkələrdən çıxarılması təklifi və ya Ukraynanın NATO-ya üzv olmaq hüququnu tanımaqdan imtina edilməsi çox əhəmiyyətli güzəştdir. Bununla belə, Bayden bütün Şimali Atlantika Alyansının təsdiqi ilə Putinə Ukrayna ilə sərhəddə rus qoşunlarının ixtisarı müqabilində alyansın genişləndirilməsi ilə bağlı geniş tərkibli danışıqlar və ya hətta “xoş niyyət nümayişi” kimi kiçik birgə təlimlər təklif edə bilər.
ABŞ-ın üç müdafiə naziri ilə birlikdə işləmiş təhlükəsizlik üzrə ekspert Endryu Krepineviçin fikrincə, NATO Rusiyaya böyük güzəştə getməməlidir, çünki bu, Moskvanın “geostrateji mövqe üstünlüyünü” artırar. Bununla belə, o, Ukraynaya kömək üçün qoşun göndərməyi də pis fikir adlandırır.
“Baydenin yerinə olsaydım Putinə deyərdim ki, o, Ukraynaya hücum etsə, NATO Kiyevə kömək etmək üçün qoşun göndərmədən çox şey edəcək, məsələn, kəşfiyyat avadanlığı ilə təmin etmək, ola bilsin kiber fəaliyyətlə məşğul olmaq, həmçinin sərt iqtisadi tədbirlər görmək. Amma həm də Putinə ləyaqətini itirmədən çıxış yolu təklif etmək fürsəti tapmaq lazımdır”, - deyə Krepineviç bildirib.
Keçmiş prezident kiçik Corc Buş administrasiyasında siyasət üzrə müdafiə nazirinin müavini işləmiş Erik Edelmanın sözlərinə görə, Rusiyanın iddiaları “NATO-nun ölkəni hansısa yolla təhdid etdiyi” yanlış müddəaya əsaslanır.
“The Times” yazır ki, Edelman hesab edir ki, bu yolla Rusiya lideri “Putinin kleptokratik rejiminin iqtisadi durğunluğundan və korrupsiyasından yorulan getdikcə daha çox narahat olan Rusiya ictimaiyyəti qarşısında öz aqressiv siyasətinə haqq qazandırmağa” çalışır.
Miraslan