ANS TV üçün 2006-cı ilin noyabr hadisəsi təkrarlana bilərmi? -  Ekspert rəyi
Cəmiyyət
3504
07 Oct 2015 | 20:35

ANS TV üçün 2006-cı ilin noyabr hadisəsi təkrarlana bilərmi? - Ekspert rəyi

Qulu Məhərrəmli: “Dünyanın heç bir yerində bu cür senzura yoxdur”

Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə gün ərzində iki dəfə iclas keçirərək, ANS televiziyasına qarşı sərt sanksiyalar, cərimələr tətbiq etdi. Bununla bağlı olaraq cəmiyyətdə xeyli narazılıqlar bildirildi, bir sıra ziyalı və nüfuzlu şəxslər adıçəkilən televiziyanın müdafiəsinə qalxdılar.

Xüsusən də “Sən tək deyilsən”, “Xoşqədəmlə  axtarıram səni” verilişlərinin ardınca informasiya tipli “Salam Azərbaycan” verilişinin yayımının dayandırılması mətbuatda, sosial şəbəklərdə xeyli müzakirələrə səbəb oldu. Media ekspertləri də həmin verilişin yayımının dayandırlmasının doğru olmadığını, televiziyaya qarşı sərt sanksiyaların arxasında başqa səbəblərin dayandığını iddia edirlər.
 
Qeyd edək ki, MTRŞ bundan öncə də ANS TV-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Belə ki, 2006-cı ilin noyabrın 24-də Şura ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması haqqında press reliz yaymışdı. 

Nəticədə iki gün sonra televiziyanın və radionun yayımı dayandırıldı və 17 gün efirə çıxmadı. Yalnız dekabrın 10-da MTRŞ bəyan edərək bildirdi ki, prezidentə ünvanlanmış müraciətləri, həmçinin ANS Şirkətlər Qrupunun çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq kanalın yenidən efirə qayıtması barədə qərar qəbul edib.   

Bəs görəsən, 2006-cı ilin noyabrı ANS TV üçün yenidən təkrarlana bilərmi?

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bu barədə musavat.com-a danışaraq məsələyə öz münasibətini bildirib. Media eksperti ANS TV-yə qarşı edilən təzyiqləri pisləyib: “Təxminən 10 ildir ki, ANS TV-yə qarşı bu cür təzyiqlər var. Dəfələrlə bu kanala, onun söz azadlığına qarşı basqılar olub, cəzalar tətbiq edilib. Amma mən buna başqa istiqamətdən baxıram. Bu gün MTRŞ-nın öz səlahiyyətlərini gerçəkləşdirməsi, təcili tədbirlər görməsi, ictimaiyyətin də narazılıqlarını nəzərə alması normal haldır. Amma bu tədbirlərin nəticəsində qəbulolunmaz qərarların çıxarılması, tətbiq edilən cəzanın sərtliyi istər-istəməz  bəzi fikilrərə və suallara yol açır. 

Məsələn, nəyə görə MTRŞ birbaşa səlahiyyətlərinin icrasına maliyyə məsələlərindən başlayır? Nəyə görə bizim xəbərlərimizdə diskussiya, alternaltiv fikirlər yoxdur? Nəyə görə xəbərlərimizin coğrafiyası məhduddur? Nəyə görə cəmiyyət bizim ekranlarda doğru-dürüst əks olunmur? 

Fikrimcə, dəyişikliklərə bu məsələlərdən başlamaq daha məqsədəuyğun olardı. Ona görə də, bu gün tətbiq olunan sanksiyalar, cəzalar sərt olduğu üçün bir çoxları bu qənaətə gəlirlər ki, ANS televiziyasına məqsədli şəkildə basqılar var.

ANS prinsip baxımından, bu gün ən şəffaf fəaliyyət göstərən, öz müstəqillyini qoruyub, saxlamağa çalışan  televiziyalardan biridir. Çünki, onun davamlı hesabatları var, vergilərlə bağlı davamlı məlumatlar verilir və s. Bəzi televiziyalar haqqında bu sözləri demək  çətindir, xüsusən də dövlətdən maliyyələşən televiziyalar barədə... Onlarda da sponsorluq fəaliyyəti, reklamla bağlı qanunsuzluqlar  var. Hamısı da göz qabağında olan nöqsanlardır.  Bəs niyə məhz ANS-ə qarşı bu cür basqılar edilir? 

Faktiki olaraq digər televiziyalar sanki eyni sistemdən idarə olunur, eyni tip verilişlər verilir, eyni yanaşmalar var, xətt düzümü də eynidir, xam materiallar da bir-birinə yaxındır. Bundan fərqli olaraq isə ANS-in özünə məxsus fərqli intonasiyası var. Sanksiyaların tətbiqi düşündürücüdür. Televiziya cəmiyyətin güzgüsüdür, ona qarşı bu qədər basqı edilməsi doğru deyil”.

Qulu Məhərrəmli “Salam Azərbaycan” verilişinin yayımının dayandırlmasının qəbuledilməz olduğunu, bu proseslərin arxasında başqa məsələlərin dayandığnı əlavə edib: “Bu cür gündəlik verilişi dayandırmaq nə deməkdir? Dünyanın heç bir yerində bu cür senzura yoxdur. Axı, bu şou tipli proqram deyil, əsasən daha çox informasiya daşıyan verilişdir və burada müəyyən diskussiyalar aparılır. Üstəlik, cəmiyyətin də kifayət qədər nüfuzunu qazana bilib. Əgər televiziyanın ən baxımlı verilişləri bağlanırsa, telekanal təklif olunan hər hansı bir maarifçi verilişləri hazırlamaq üçün maliyyə imkanlarını necə əldə edə bilər?”

Qeyd edək ki, ANS TV-yə dəstək olan ziyalılardan biri də xalq şairi, millət vəkili, Azərbaycan Dil Qurumunun (ADQ) başqanı Sabir Rüstəmxanlı olub. O, bu günlərdə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məktub yazaraq, televiziyanın efirində yayımlanan “Beş barmaq” verilişində Azərbaycan və ana dili mövzusuna toxunulduğu üçün  məmnunluq duyduğunu bildirib. ADQ-nin başqanı öz məktubunda ANS-in ilk müstəqil telekanal kimi daim örnək rolunu oynadığı və efirdə bir çox ənənənin əsasını qoyduğunu vurğulayıb.

Xatırladaq ki, MTRŞ bir neçə gün ərzində iki dəfə iclas keçirərək ANS TV-nin efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” “Salam Azərbaycan” və “Şokolad” verilişlərinin dayandırılması ilə bağlı qərar qəbul edib. Həmçinin həmin verilişlərin müxtəlif vaxtlarda efirdə yayımlanan buraxılışlarında sponsorluqla bağlı qanunvericliyin pozulmasını əsas gətirərək, ANS TV-ni həmin verilişlərin hər birinə görə 6 min, ümumilikdə isə 54 min manat cərimələyib.
Link kopyalandı!
Son xəbərlər