Gündəm
5939
30 Sep 2015 | 21:04

"Cənab Putinin heç bir parametri keçmiş çarlara uyğun gəlmir..."

"Bu gün Federasiya Şurasının yekdilliklə, heç bir müzakirə açmadan Putinə Suriyada müharibə aparmağa icazə verməsi bu təşkilatın "Şahın kuklası" olduğuna dəlalət edir."

Eks - spiker Rəsul Quliyev BMT - də Putinin dünən və bugünki çıxışlarını Moderator.az - a şərh edərkən belə deyib:

"Rusiya prezidentinin populist çıxışı dünən və bu gün çıxış edən dövlət başçıları tərəfindən ya kəskin tənqid edilib, ya da məsələn, Venesuela kimi bəzi ölkələrin dövlət başçıları tərəfindən heç bir münasibət bildirilməyib.
  
Fransanın prezidenti dünən Ukraynanın veto qoymaq hüququnun müəyyən şərtlər çərçivəsində ölkənin (daha doğrusu Rusiyanın) əlindən alınması ideyasını dəstəklədi. Bu ideyanı artıq 80-dən çox ölkə dəstəkləyir. BMT yarananda qələbə çalmış 5 böyük ölkə (ABŞ, BB, Çin,Fransa və Sovet İttifaqı) Təhlükəsizlik Şurasının daimi üzvü kimi qəbul edilib və onların hər birinin veto qoymaq hüququ var. Sovetlərin dağılmasından sevincək olmuş Qərb Təhlükəsizlik Şurasında sovetlərin yerini Rusiyaya verərək düşünürəm ki, böyük səhv edib. Çünki Rusiya bu hüququndan dünyada baş vermiş və ya verəcək neqativlikləri dəstəkləmək üçün istifadə edir. Doğrusu Təhlükəsizlik Şurasının daimi üzvü kimi ən azı dünyanın 3-cü və 4-cü iqtisadiyyatına malik olan, yüksək intellektual potensiallı Yaponiya və Almaniya qəbul edilməli, qərarların qəbul edilməsi isə 3-də 2 - i səs çoxluğu ilə əvəz edilməliydi. BMT-nin gələcəkdə amorf bir təşkilat olmaması üçün bu və başqa reformalar həyata keçirilməlidir. İnsan hüquqları ilə məşğul olan məhkəmə sistemi tam dəyişdirilməlidir, qərarlar qısa bir müddətdə qəbul edilməlidir. Məhkəmənin qərarlarını yerinə yetirməyən ölkələr üçün sanksiyalar avtomatik tətbiq edilməlidir. Əlavə qərara ehtiyac olmamalıdır. Dünyanın qloballaşmasının ( bütün dövlətlərin identik qanunlarla işləməsi) yolu BMT”“nin reformasından keçir. Əvvəl axır bu iş görüləcək, ancaq nə qədər tez başa gəlsə bir o qədər yaxşıdır.  
 
Poroşenko və Rumıniya prezidenti Putin siyasətinin iç üzünü çılpaqlığı ilə açdı. Putinin ikiüzlü olduğunu, daim yalan danışdığını açıq mətnlə və faktlarla sübuta çatdırdılar. Hər iki prezident mənim bundan əvvəlki yazımda qeyd etdiyim kimi Rusiyanın Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna torpaqlarını işğal etdiyini və həyasızcasına özünü sülhsevər bir ölkə kimi göstərmə cəhdini əxlaqsızlıq saydılar.
 
Rusiyanın yarandığı 17-ci əsrdən (Rusiyanın "zəngin" və "qədim" tarixinin cəmi 350 yaşı var) 18, 19, 20 - ci əsrlərdə apardığı yarıtmaz siyasətə görə dəfələrlə Avropa ölkələri tərəfindən izolyasiyaya salınıb. Gec də olsa səhvlərini başa düşüb bu vəziyyətdən çıxa biliblər. Çünki başlarında duran çarların hamısı Avropa təhsilli, Avropa intellektuallı, Avropa genli (Rus çarlarının qanında maksimum 25 faiz, 17-ci əsrdən isə heç 5 faiz belə rus qanı olmayıb) olduğundan başqa ölkələrə kələk gəlməyi kənara qoyub sivil yol seçiblər. Cənab Putinin heç bir parametri keçmiş çarlara uyğun gəlmir. Ona görə də Rusiyada nə qədər Putin var, bir o qədər də izolyasiya davam edəcək. Putinin iflası Ukraynada əsl inkişafın başlaması ilə bağlıdır. İnkişaf bu iflası yaxınlaşdıracaq. Putinin indidən 2018-ci il prezident seçkilərində "hələ bilmirəm iştirak edəcəyəm, ya yox" bəyanatı fiksiyadır, blefdir. Putin zorla istefaya göndərilməsə ölənə qədər taxt-tacından əl çəkməyəcək. 

Putinin BMT-də çıxışından sonra Rusiya mətbuatının xarici siyasətdə yeni eranın başlandığı anonsu, (xarici mətbuatda isə Putinin çıxışını heç bir mənası olmayan söz yığını adlandırırlar) şahları üçün yazılmış tərifnamələr ölkədə avtoritar yox, diktaturanın olduğundan xəbər verir. Bu gün Federasiya Şurasının yekdilliklə, heç bir müzakirə açmadan Putinə Suriyada müharibə aparmağa icazə verməsi bu təşkilatın "Şahın kuklası" olduğuna dəlalət edir.
 
Dünya üçün yol müəyyənləşib. Qlobalaşma yolunda bəşəriyyət bütün totalitar rejimləri əzib keçəcəkdir. Rusiyanın sovetin şinelindən çıxmış 6 müsəlman ölkəsi ilə birlikdə bu prosesə mane olmaq üçün çabalaması vaxtı uzada bilər, nəticəni dəyişdirə bilməz. Sadəcə olaraq ölüm qabağı aqoniya müddəti artacaq, vəssəlam.
  
Çin kimi bu işi özləri görsə daha düzgün olar. Xalqlarını daha tez bəladan xilas edərlər."
Link kopyalandı!
Son xəbərlər