Azərbaycan ali məmur elitasının dəyişməz olaraq qalması illər uzunudur ki, həm ölkə mediası, həm də ictimai rəydə ən çox müzakirə edilən məsələlərdən biridir.
Bəli, nə qədər qəribə
olsa da Azərbaycanda nazirlər, nazir müavinləri, Prezident Administrasiyasının
şöbə müdirləri, prokurorlar, icra başçıları, ordu rəhbərliyi heç zaman dəyişmir.
İllər, siyasi-sosial vəziyyət, daxili və beynəlxalq münasibətlər dəyişilsə də,
bu insanlar təyin edildikləri vəzifədə dəyişməz olaraq qalırlar. Nəinki ali məmur
elitasının, hətta millət vəkilləri, dövlət obyektlərinin, xəstəxanaların,
universitet və kolleclərin rəhbərləri də demək olr ki dəyişilmir. Onlara
baxanda adamda belə bir təəssürat yaranır ki, bu insanlar doğulandan ölənə qədər
vəzifədə oturmağa, onlara tapşırılan vəzifəni pis-yaxşı qəbr evinə qədər
daşımağa məhkumdurlar. Sanki onlar ömürlük məmur olmaq üçün yaranıblar. Elə bil
ki, onlardan hansı birinisə vəzifədən azad etsələr, o zaman həmin şəxs sudan
bayıra çıxarılan balıq kimi bir neçə saniyədə həyatla vidalaşacaqdır.
Dünyanın bütün sivil ölkələrində
vəifəli şəxslərin tez-tez dəyişdirilməsi müşahidə edilsə də, bu tendensiya Azərbaycan
və onun kimi ölkələrdə müşahidə edilmir. Ona görə yox ki, Azərbaycanda vəzifə
kreslosunu ömürlük zəbt edən bu şəxsləri əvəz edəcək kadrlar yoxdur. Ona görə
ki, təyin edildikləri vəzifədə xərçəng kimi kök salan bu şəxslər oturduqları
kresloya sadəcə bir iş, bir vəzifə kimi deyil, həyat mənbəyi kimi baxırlar.
Onlar üçün vəzifə sadə vətəndaşlara xidmət göstərmək, dövlətin daha da güclənməsi
üçün daha geniş spektirdə fəaliyyət göstərmək meydanı deyil. Onlar üçün vəzifə
rüşvət və korrupsiya mənbəyidir. Hansı ki, yalnız onların deyil, övladlarının,
nəvə və nəticələrinin krallara layiq həyatını məhz bu rüşvət və korrupsiya təmin
edir. Çünki bunsuz dəyəri yüz minlərlə hesablanan bahalı avtomobillər almaq,
Baham adalarında dincəlmək, xarici ölkələrdə milyon dollarlıq villalara sahib
olmaq mümkün deyil.
Bu səbəbdən də vəzifəyə məhkumlar
bu vəzifəni itirməmək üçün özlərinin bütün maddi-mənəvi güclərini ortaya qoyur,
özlərindən bir pillə yuxarıdakıları pula qərq etməklə məmurluq ömürlərini bir qədər
də uzatmağa çalışırlar. Və Azərbaycandakı hazırkı idarəetmə sistemində bu
insanları vəzifədən ayrı qoyacaq yeganə güc yalnız və yalnız ölümdür. Çünki onu pulla ələ almaq, onunla hansısa şəkildə
anlaşmaq mümkün deyil.
Emil Ağabəyov