Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün namuslu və ləyaqətli insanlarda ən çox ikrah doğuran hallardan biri də parazitlikdir.
Parazitlik sadəcə başqalarının əməyini mənimsəmək, qarşılıqsız olaraq onların zəhmətindən faydalanmaq, başqalarının alın təri hesabına yaşamaq deyil. Parazitlik həm də anadangəlmə yarımçıqlıq, əzəli natamamlıq deməkdir. İnsanların əksəriyyəti ona görə parazitə çevrilmir ki, özgə əməyi hesabına yaşamaq asandır və heç bir qüvvə, heç bir mücadilə tələb etmir. İnsanların əksəriyyəti ona görə parazitə çevrilir ki, onların əqli-iradi keyfiyyətləri, bilik və bacarıqları onları öz zəhmətləri hesabına yaşatmağa kifayət etmir. Bu qəbildən olan insanlar həyatla elə ilk təmasda anlayırlar ki, onlar öz zəhmətləri hesabına yaşamaq qabiliyyətindən məhrumdurlar. Çünki onlar fiziki baxımdan normal insan təsiri bağışlasalar da əqli-mənəvi və iradi baxımdan şikəstdirlər. Odur ki, onlar ya məhv olmaq, ya da zəhmətkeş insanların əlavəsinə çevrilməklə yaşamaq, fiziki mövcudiyyətlərini onların əməyinin nəticəsinə bu və ya digər dərəcədə ortaq olmaqla saxlamaq seçimi qarşısında qalırlar. Və bu seçim nəyin bahasına olursa-olsun yaşamaq istəyi səbəbi ilə demək olar ki, hər zaman ikincidən yana olur.
Göründüyü kimi, parazitlik seçimdən daha çox anadangəlmə məhkumluq, əzəli və əbədi məcburiyyətdir. Bu, sadəcə bir hiylə və ya nəyəsə sahib olmaq səriştəsinə malik bir şəxsin özünü tənbəlliyə qoyması, hansısa məqsədə çatmaq üçün lazımi gücününün olmasına baxmayaraq özünü əziyyətə verməməsi deyil. Parazitlik yaradılış, həm də qeyri-mükəmməl və yırtıcı yaradılış nümunəsidir. Bu yaradılışın mahiyyətini daha aydın başa düşmək üçün ağcaqanad, gənə, yaxud da ilan və ya əqrəb kimi təbiətin zəhərli nüsxələrinə nəzər salmaq kifayətdir.
Bu dünyada kimsə ağcanadı qan sormaq, ilanı və ya əqrəbi sancmaq, zəhərləmək keyfiyyətinə görə ittiham etmir. Belə bir ittihamın dilə gətirilməsinin özünün belə gülünc olduğu hər kəsə məlumdur. Çünki qan sormaq ağcaqanad, sancmaq isə ilan təbiətinin mahiyyətindən, onun yaradılışından qaynaqlanır və bu baxımdan tamamilə normaldır. Bir ağcaqanadın yaşamı boy qan sormaması, yaxud bir ilanın həyatı boyu hansısa canlını sancmaması mümkünsüzdür və belə bir hal olsaydı, bu, dünyanın ən böyük qəribəliklərindən, qeyri-təbiiliklərindən biri hesab olunardı. Qan sormaq ağcaqanad, sancmaq isə ilan üçün seçim məsələsi deyil. Bu, onlar üçün bir məcburiyyət, bir məhkumiyyətdir.
Cəmiyyətdəki parazitlərin də yaradılışı buna bənzəyir. Onlar da öz yaradılış və təbiətlərinin gərəyini yerinə yetirir, öz yaşamlarını təmin etmək üçün başqalarının zəhmətinin nəticəsinə ortaq olmaqda, bir çox hallarda onların həyatını zəhərləmək hesabına öz yaşamlarına davam edirlər.
Dünyaya necə, hansı xüsusiyyət və keyfiyyətlərlə gəlmək heç bir canlının öz seçimi olmur.
Yaradılış canlı orqanizmin fövqündə olduğu üçün yaradılanın bu prosesə təsir etmək imkanı yoxdur. Bu baxımdan insan kateqoriyalı parazitlər də bu cür yaradıldıqları üçün günahkar hesab edilə bilməz. Onların parazitliyinə məsumluq qazandıran da məhz budur.
Onlar həyata və insanlığa yamaq olqudqlarının fərqindədirlər. Lakin bununla belə yaşamaq, ən azından fiziki baxımdan sağ qalmaq zərurəti onları bütün təhqir və həqarətlərə dözməyə, bunları görməzdən gəlməyə, bütün olanlara göz yummağa, axşamı birtəhər başa vurub səhər yenidən alçalmaq üçün özü kimilərlə yanaşı sıraya durmağa vadar edir.
Bir sözlə, parazitlər hər şeydən əvvəl şikəst və çarəsiz insanlardı və bu səbəbdən də onlara ilk növbədə acımaq lazımdır. Ramiz Rövşənin ilan balasına, ilan taleyinə acıdığı kimi.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru