Anadoluda bir atalar sözü var.
Görünən köyə nə bələdçi? Artıq bələdçisiz- filansız deyə bilərik ki, gəlinən
nöqtədə qardaş Türkiyəni çox çətin günlər gözləyir. Radikal və risqli qərarlar
almaq zamanı. Türkiyə ətrafında yaranmış mürəkkəb geostratejik mənzərəni
anlamaq üçün heç də beynəlxalq imperializmin əsrlik projesinin müxtəlif mərhələlərinə,
Osmanlının çöküşü sonrası çizilən sərhədlərə, qurulan dövlətlər və arxasındakı
güclərə dönüb baxmaq, incələmək zəhməti çəkməyin. Biz toplum olaraq onsuz da
balıq hafizəli insanlara dönüşmüşük. 1990 sonrasından bu yana baş verən hadisələri
az da olsa zehnimizdə canlandıraraq səhnələnən oyunun pərdə arxasını görə bilərik.
Görərik ki Türkiyənin NATO içində "müttəfiq" olduğu hakim mərkəzlər
Sovetlər sonrası yeni Orta Doğu siyasətini formalaşdırarkən başlıca hədəf
olaraq İraq coğrafiyasını seçmişdir. Körfəz savaşıyla bərabər qurulmuş olan Çəkiç
Güc kürdləri qorumaqla qalmamış Türkiyənin burnunun dibində Quzey İraqda yeni
bir kürd dövlətinin təməllərini atmışdır. Daha 90- cı illərdən bu yana Türk
ictimai rəyində və dövlət çevrələrində Çəkiç Gücün bölgədəki hakimiyyətinə
qarşı dərin şübhələr olmasına baxmayaraq, heç bir siyasi qüvvə bu beynəlxalq hərbi
gücün ölkə torpaqlarındakı fəaliyyətinə son verən qərarı parlamentə təqdim edə
bilməmiş, Çəkiç Güc isə bala-bala Ortadoğudakı planlarını həyata keçirməyə
davam etmişdir. Hətta tam milli müstəqillik çizgisində olan Əcəvit və Ərbakan
iqtidarları da çox istəmələrinə rəğmən, Milli Təhlükəsizlik Şurasının tövsiyələrinə
istinad edərək Çəkiç Gücün "hüzur əməliyyatlarını" dayandıra bilməmişdir.
Hörmətli Ərbakanın nazirlərindən olan Necati Çəlik çox acı bir etiraf da
etmişdi zamanında. Demişdi ki, müdafiyə sənayeniz % 75 Amerikaya bağımlıykən,
ABD-nin istəmədiyi bir siyasəti həyata keçirə bilməzsiniz.
Nə isə, uzun sözün qısası,
daha sonralar İraq işğal edildi, Səddam və onunla bərabər İraqın ərazi
bütövlüyü də tarix oldu. Və bölgədəki bütün yapılar kürdlərə təhlükə törətmək
üzərə olanda hakim güc hərəkətə keçdi və onları qoruyub böyütdü, millətləşmə
proseslərini tamamladı. O qədər bilincləndilər ki, patriarxal etnik şüurla
Suriyədəki bir kürd şəhəri üçün öz ölkələrini atəşə verdilər, 12 il içində
onlara bir çox haqlar, imtiyazlar, xidmətlər sunan Ak partini silərək bölgələrində
səslərini "öz" partiyalarında cəmləşdirdilər. Ərəb baharından, Suriyə
məsələsindən də onlar qazanclı çıxdı. İraqın quzeyindəki proje tamamladıqdan
sonra Suriyədə kürd zolağının Ağ dənizə uzanan yolunun açılması, oradakı ərəblərin,
türkmənlərin köçürülməsi və beləliklə bölgədə kürd çoxluğunun
formalaşdırılmasının da zamanı gəldi.
Mən burada 90 - cı ildən bu
yana Türkiyənin müdafiə sənayesinin Amerikaya bağımlılığının nə qədər azaldığı,
Türkiyənin bu imperial projeyə müqavimətinin nə səviyədə olduğu və bölgədəki
silahlı qrupların hansı ölkələrin maraqları üçün çalışdığı məsələlərinə
aydınlıq gətirməyi çox istərdim. Ancaq təəssüf ki, düzgün qənaətin ortaya
çıxması üçün əlimizdə yetərli qədər səhih informasya yoxdur. Yalnız nəticələrə
baxaraq hələlik proseslərin beynəlxalq imperializmin xeyrinə, Türkiyənin əleyhinə
cərəyan etdiyini deyə bilərik.
Çatlar çox dərinləşdi, olmaz
dediyimiz şeylər olmağa başladı. Acı da olsa deməliyəm ki, İraq və Çəkiç Güc məsələsində
olduğu kimi Suriyə məsələsində də Türkiyə iqtidarı öz ayağına qurşun sıxdı, ya da
yumşaq desək beynəlxalq imperializmə dirənə bilmədi.