Moderator.az xəbər verir ki, Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı facebook səhifəsində maraqlı status paylaşıb. Həmin statusu oxuculara təqdim edirik:
"Bu gün televiziyada "Cavad xan" filmini ailəvi izlədik. 7 aylıq körpəmiz də, sanki bizim nigarançılığımızı, filmə marağımızı hiss edib susqunlaşmışdı. Bir az kövrəldik, bir az hiddətləndik, bir az halımıza acıdıq... Hər nəsə... Film bizdə xoş hisslər oyatdı. Heç də həmişə qəhrəmansız olmamağımızdan təsəlli tapdıq. Bu filmin ərəyə - ərsəyə gəlməsində zəhməti olan hər kəsə, xüsusilə ssenarist Sabir Rüstəmxanlıya, rejissor Rövşən Almuradlıya, Cavad xan rolunun ifaçısı Nurəddin Məmmədxanlıya dərin minnətdarlığımı bildirirəm. Cavad xanın namaz üstə söylədiyi (Nurəddin Məmmədxanlının) monoloq son onilliklərdə izlədiyim Azərbaycan filmlərində ən təsirli, məzmunlu, milli ruhu, milli ləyaqəti oyadan monoloqdur. Bizim gənclərimizə hər gün televiziyalardan izlədikləri qırmızı, sarı şalvarlı, qulağı sırğalı kişiciklərin deyil, belə kişilərin - cavadxanların nümunələri gərəkdir. Dövlət vəsaiti belə filmlərə xərclənməlidir, ikinci dərəcəli idmançıların qeyri-ciddi əyləncələrinə deyil".