Manatın məzənnəsinin kəskin şəkildə ucuzlaşması və bunun fonunda baş verən bahalaşma cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Bahalaşma prosesinin davam edəcəyi ilə bağlı səslənən ekspert rəyləri isə bu narahatlığı daha da artırmaqdadır. İqtisadçı ekspertlərin apardığı tədqiqatlar göstərir ki, ölkə həqiqətən də iqtisadi-sosial fəlakətin astanasındadır və qısa müddət ərzində özünü bu fəlakətin episentrində görəcək. Bu baxımdan bir addımlıqdakı iqtisadi fəlakətin təsirini mümkün qədər azaltmaq, ən azından aclıq və səfalət mərhələsindən sağ-salamat çıxmaq üçün bəzi ehtiyat tədbirlərinin görülməsi zəruridir.
Əhalinin son
iqtisadi-maliyyə böhranına qədər də olduqca ağır şərtlər altında yaşadığını nəzərə
alsaq, o zaman görüləcək ehtiyat tədbirlərinin də kifayət qədər məhdud olduğu
aydın olar. Lakin bununla belə aclıq öncəsi alınması gərəkən bəzi önləmlər var
ki, bu, kütləvi aclıq erası zamanı insanların ayaqda qalması üçün faydalıdır.
Bu tədbirlərdən biri və bəlkə
də birincisi küçə itlərini qida ehtiyatı kimi qoruyub saxlamaq və artırmaqdır. Heç
bir vicdanlı məntiq sahibi inkar etməz ki, bahalıq və devalvasiya bu sürətlə
davam edəcəyi təqdirdə, yaxın altı ay ”“ bir il müddətində insanlar acından ölməmək
üçün eyniylə II Dünya müharibəsində olduğu kimi küçə itlərinə üz tutmalı
olacaq. O zaman küçə itlərinin dəyəri indikindən qat-qat artaraq yaşam mənbəyinə
çevriləcək, ac insanlara dünyanın ən ləziz əti təsiri bağışlayacaqdır. Və çox
güman ki, insanlar küçə itlərinə sahiblənmək uğrunda əsl ölüm-dirim savaşına
başlayacaq.
Ola bilsin ki, bu gün bu proqnoz
çoxları üçün xəyal təsiri bağışlasın. Lakin unutmaq olmaz ki, biz ən qorxunc xəyalların
reallaşdığı bir ölkədə yaşayırıq. Hansı ki, bu gün yaşadığımız çox şeyə vaxtiylə
xəyal kimi yanaşmışıq və bu gün keçmiş xəyallarımız ən qaçılmaz gerçəyimizdir.
Bundan başqa, II Dünya
müharibəsi dövrünün aclıqla mübarizə təcrübəsi geniş şəkildə öyrənilməli, ən
azından psixoloji baxımdan mənimsənilməlidir. Belə bir təcrübə aclıqla mübarizədə
çörəkdən heç də az əhəmiyyət kəsb etməyən mühüm təcrübə mənbəyi ola bilər.
Təbii, aclıqla mübarizənin
daha effektiv üsulu daha yaxşı yaşam uğrunda aktiv siyasi mübarizə ola bilər
ki, xalqın mövcud susqunluğu və itaətkarlığı fonunda bu ehtimal o qədər də real
görünmür. Bugünə qədərki proseslərin təhlili göstərir ki, cəmiyyət mübarizə
xaric hər şeyə hazırdır və bu həqiqəti uzun illərdir ki, təkrar-təkrar sübut
edir. Bu isə o deməkdir ki, Azərbaycan mətbəxi Çin mətbəxindən nə qədər fərqli
olsa da, qarşıdakı dönəmdə küçə itləri olmadan ötüşə bilməyəcəyik. Lakin bu da
son deyil...
Son vaxtlar ölkə ərazisində
əlaqədar qurumlar tərəfindən küçə itlərinə qarşı mübarizə çərçivəsində xeyli sayda
itin öldürülməsi cəmiyyətin potensial ərzaq ehtiyatının da təhlükə altında
olduğunu göstərir. Belə görünür ki, sabah səfalət bütün məhrumiyyəti ilə qapını
döyəndə ən xoşbəxt adam küçə iti ilə qarşılaşan şəxs olacaq.
Seymur Əliyev
e-mail: [email protected]