Moderator.az xəbər verir ki, şair-publisist Heydər
Oğuz bu gün facebook səhifəsində maraqlı bir şəkil paylaşıb. İtaliyanın keçmiş
baş naziri Berluskoninin əlində süpürgə ilə çəkilmiş şəkilinə şərh yazan şair-publisist bildirib:
“Şirkəti vergidən yayındığı üçün məhkəmə
Berluskoniyə bir il qocalar evində xidmətçilik cəzası kəsmişdi. İtaliyanın
keçmiş baş naziri və ən zəngin adamlarından biri olan bu şəxs 78 yaşında
olmasına baxmayaraq cəzasını ciddi nizam-intizamla yerinə yetirib. Məhkəmə də
onun bu intizamını nəzərə alıb cəza müddətini 45 gün azaldıb. Bu gün axırıncı cəza günü idi. Onu da tam
qüsursuz yerinə yetirən Berluskoni açıqlama verib ki, "məhkəmənin qərarından
böyük dərs aldım və bu xidmətimə davam edəcəm”".
Qeyd edək ki, Heydər Oğuz Berluskoninin bu ibarətamiz
vəziyyətini öz qəzəliylə tərənnüm edib. Qəzəl belədir:
İblisin felinə hər kim uyaraq qulluq edər,
Ataraq odlara öz
ruhunu biryolluq edər.
Gözün acdırsa, nə
fayda ki, qarın tox olacaq,
Gözü ac, qarnısa
tox, şah belə yoxsulluq edər.
Neyləyirsən bu qədər dövləti, zalım balası
Üyüdüb neməti mədən ki, ayaqyolluq edər?
Qoyma bitsin hələ varkən bu samanlıqda saman
Hər zaman sanma fələk bəxtə gülər, bolluq edər.
Yaxşı şah hər quruşun gündə hesabın soruşar,
Xalqının mülkünə əslində qaravulluq edər.
Buna, Heydər, necə dövlət deyilir, anlamıram,
Kim qan ağlar, kimi qan içmədə məşğulluq edər.