Bugünlərdə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov maraqlı və bir o qədər də qəribə açıqlama ilə çıxış edib. Ə.Həsənovun dediklərindən belə məlum olub ki, hökumət 2020-ci ilə qədər Azərbaycanda yoxsulluğun tamamilə ləğvini planlaşdırır. Başqa sözlə desək, qəbul edilən strategiyaya görə, 2020-ci ildə ölkədə bir nəfər də olsun yoxsul qalmayacaq.
Bəli,
hörmətli nazir müavininin bu açıqlamasının olduqca cəzbedici və bir o qədər də
utopik olduğu inkaredilməzdir. Bəşəriyyət üçün əzəli-əbədi problem olan
yoxsulluğun iynədən tutmuş plastik qaşığa qədər hər şeyi xaricdən idxal edən Azərbaycanda
ləğv ediləcəyi iddiası insanları cəhənnəmin buz tutacağına inandırmağa bənzəyir.
Hansı ki, bu vədin cəfəng olduğu şərhsiz-filansız da bəribaşdan məlumdur və
yalnız hədsiz sadəlövh insanlar kiminsə buna inanacağına ümid edə bilər.
Əslində,
belə bir açıqlamanın manatın sürətlə ucuzlaşdığı, növbəti bahalıq dalğasının
baş qaldırdığı, iş yerlərində kütləvi ixtisarların aparıldığı indiki zamanda səslənməsi
xalqın ələ salınması kimi də dəyərləndirilə bilər. Hər halda insanların minimal
dolanışığını belə təmin etməkdə ciddi problemlərlə üzləşdiyi, yoxsulluğun sürətlə
artdığı, xalqın dilənçi səviyyəsində yaşadığı, yaşam ümidinin yox olduğu bir
ölkədə 4-5 ildən sonra hər kəsin buğda yeyib cənnətdən çıxacağı fikrinin hər
hansı ciddiyyətdən məhrum olduğu göz önündədir.
Bu
gün Azərbaycan hökumətinin qəbul etdiyi strateji kurs qarşıdakı 5 il ərzində yoxsulluğun
tamamilə ləğvindən deyil, acından ölən və ya intihar edənlərin sayını
yarıbayarı azaltmaqdan, 9 milyonluq xalqın heç deyilsə yarısını 2020-ci ilə sağ
çıxartmaqdan ibarət olmalıdır. Hökumət çalışmalıdır ki, insanlara öz zəhmətləri
ilə dolanmaq üçün şərait yaradılsın və hər hansı bir fərd bir qarın çörək üçün cinayət törətmək,
qatillik etmək, cibə girmək, başqa ölkələrin xeyrinə casusluq etmək, namusunu,
mənəviyyatını bazara çıxartmaq məcburiyyətində qalmasın. İnsanlara 5 ildən
sonra varlı olacaqları, əbədi
firavanlığa qovuşacaqları ilə bağlı nağıl danışmaq deyil, onların normal
dolanışığına şərait yaratmaq, insanlara insan olduqlarını hiss etdirmək
lazımdır. Bu gün üzləşdikləri səfalət səbəbi ilə üzərinə benzin tökərək özünü
canlı məşələ çevirən, “Koroğlu” körpüsündən atılmaq üçün növbəyə dayanan
insanlara milyoner olacaqları ilə bağlı deyilənlər ölən insana yağlı kökə ziyafəti vəd etmək,
onları bu yolla hərəkətə gətirmək cəhdinə bənzəyir. Halbuki, hər bir normal məntiq
sahibi yaxşı başa düşür ki, ölü bir şəxsi dünya təamları ilə həvəsləndirib hərəkətə
gətirmək mümkün olmadığı kimi, ac insanı da xəyal və ümidlərlə bəsləmək, ona
aclığını zənginlik haqqındakı nağıllarla unutdurmaq mümkünsüzdür.
Bu
gün dünyanın ən zəngin ölkələri belə hər kəsi varlı etmək qüdrətinə sahib deyil
və heç bir zaman da sahib olmayacaq. Eyniylə Çingiz Aytmatovun dediyi kimi,
vaxt gələcək, insanlar aydakı təbii sərvətləri belə daşıyıb dünyaya gətirəcək,
amma yenə də yer üzündə milyonlarla insan yavan çörəyə belə həsrət qalacaqdır.
Ola bilsin ki, hakimiyyət 9 milyonluq
xalqın hər bir təmsilçisini ayrı-ayrılıqda həbslə hədələmək və ya ölümlə təhdid
etməklə onlara varlı olduqlarını etiraf etdirsin və sonra bu “sübutu” dünya
ictimaiyyətinə analoqsuz iqtisadi inkişafın nümunəsi kimi təqdim etsin. Bu, Azərbaycan
hakimiyyətinin təfəkkür və davranış əxlaqına uyğun bir yanaşmadır. Yalnız bu
halda hakimiyyət yoxsulluğun Azərbaycanda məğlub edildiyi, hər kəsin ağa
statusuna malik olduğu ilə bağlı etirafa sahib ola bilər. Doğrudur, qorxu gücünə
əldə edilən bu quru etiraf da intiharların sayını azaltmayacaq, insanları
benzinin keyfiyyətini öz üzərlərində yoxlamaq ənənəsindən çəkindirməyəcəkdir.
Lakin bu kütləvi etirafdan sonra hakimiyyətin baş verən istənilən intihar və
özünə qəsd halının səbəbi ilə bağlı verə biləcəyi kifayət qədər sanballı və
standart cavabı olacaqdır. Hakimiyyət
elliklə edilən etirafı əsas tutaraq baş verən intiharları xoşbəxtlik və
firavanlıqdan təngə gələn insanların, həyatın rəngarəngliyi və gözəlliyindən
doyan ruhların özünəqəsdi kimi dəyərləndirəcək və bu statistikanı ölkənin
iqtisadi tərəqqisinin daha bir göstəricisi kimi təqdim edəcəkdir. Eyniylə
manatın ucuzlaşmasının uğur kimi təqdim edilməsi kimi...
Seymur
Əliyev
E_mail: [email protected]