Bugünlərdə dünya gündəmində ən çox müzakirə edilən məsələlərdən biri Rusiyanın müxalifət liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlıdır. Hansı ki, bu qətllə bağlı BMT baş katibindən tutmuş ABŞ prezidentinə qədər əksər dünya liderlərinin səsləndirdiyi fikirlər, Nemtsovun Rusiya çərçivəsinə sığmayan, yaşadığı ölkənin sərhədlərini aşan siyasətçi olduğunu göstərməkdədir. Obama Nemtsovun fəaliyyətinə heyran olduğunu, dövlət katibi Con Kerri isə onun yoxluğunun bütün dünyada hiss ediləcəyini vurğulamaqla, bir növ Nemtsovun siyasətçi kimi ffəaliyyətini nöqtələmiş oldu.
Maraqlıdır, Azərbaycanda
necə, fəaliyyəti dünya miqyasında heyranlıq doğuran, yoxluğu beynəlxalq səviyyədə
hiss edilən siyasi lider varmı? Elə bir siyasətçi varmı ki, dünya liderləri
eyniylə Nemtsovla bağlı söylədikləri kimi, onun siyasi fəaliyyətinə
heyranlıqlarını ifadə etsin? Yoxdursa, o zaman iqtidarlı-müxalifətli yüzlərlə
siyasətçini bütləşdirmək, az qala Tanrı səviyyəsinə qaldırmaq nəyə lazımdır?
Bu gün Azərbaycan siyasi
sferasında fəaliyyət göstərən insanların nəinki dünyada və regionda, hətta ölkə
daxilində belə yetərincə tanınmadığı heç kimə sirr deyil. İllər uzunudur ki, məhdud
çərçivədə mənəm-mənəmliklə məşğul olan və özlərindən başqa kimisə görmək
bacarığından məhrum olan siyasətçilərimiz, 20 il bundan öncə olduğu kimi bu gün
də özlərini alçaq dağların memarı iddiası ilə aparırlar. Azərbaycan siyasətçiləri
üçün özünəvurğunluq və xudbəsəndlik çoxdan bəridir ki, siyasi uzaqgörənlik və
peşəkarlıq kimi keyfiyyətləri əvəzləməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün
Nemtsova olan bəşəri diqqət və sevgi fonunda gözləri qamaşan siyasilərimiz, öz
vəziyyətlərinə mxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar. Belə ki, bəzi
siyasilər ölkəmizdə dünya miqyaslı siyasətçilərin yoxluğuna Azərbaycanın kiçik
bir dövlət olması, dünya mqiyasında elə bir ciddi önəm kəsb etməməsi ilə haqq
qazandırmağa cəhd edir. Halbuki, bugünə qədər kiçik ölkələrdən onlarla dünya
mqiyaslı siyasətçi, elm xadimi və sərkərdə çıxıb ki, bu faktın özü nəhəng siyasətçi
yoxluğuna ölkənin balacalığı ilə haqq qazandırmaq cəhdinin səmərəsizliyini
sübut edir.
Bəli, Azərbaycanda dünya
miqyasında diqqət çəkən, varlığı və ya yoxluğu dünya səviyyəsində hiss edilən
siyasətçi yoxdur. Ona görə yox ki, Azərbaycan balaca və dünya üçün əhəmiyyətsiz
ölkədir. Ona görə ki, Azərbaycanda özünü siyasətçi hesab edən şəxslər dünya
miqyasında parlayacaq qədər dərin zəka və təfəkkürə, siyasi manevr qabiliyyətinə,
xalqı inandırmaq və onu öz arxasında aparmaq qabiliyyətinə, ən əsası öz əqidələri
uğrunda sona qədər mübarizə aparmaq və ölmək cəsarətinə malik deyil. Bu gün Azərbaycanda
saflığı, səmimiliyi, dürüstlüyü istisnasız olaraq hər kəs tərəfindən qəbul edilən
bir nəfər də olsun siyasətçi mövcud deyil. Azərbaycanda elə bir siyasətçi
yoxdur ki, hətta rəqibləri belə onun mənəvi təmizliyinə, əqidə dönməzliyinə tərəddüdsüz
olaraq əminliyini ifadə etsin. Bu, siyasilərimizin "böyümək
resepti"ndə çatışmayan ən mühüm amildir. Nə qədər qəribə də olsa, ətraflarındakı
5-10 nəfərin tərifi ilə özlərini yaşayan bütlər, kamillik mücəssəmələri hesab
edən partiya sədrləri, siyasilər zirvədə qərarlaşdıqlarına, bundan o tərəfə yol
olmadıqlarına inanırlar. Üfüqün digər üzünü belə gördüyünə inanan bu insanların
dərrakəsinə dərin bir korluq hakim kəsilib və bu, onları görmək istədiklərindən
artığını görməyə imkan vermir. Və nə qədər ki, bu korluq aradan qalxmayıb, siyasilərimiz öz varlıqlarını Nemtsov və onun
kimi şəxsiyyətlərin yaşamını və qətlini eninə-uzununa müzakirə etməklə yada
salacaqlar.
Seymur Əliyev
e-mail: [email protected]