Moskva-İrəvan reysi ilə uçan təyyarədə sərnişinlərin naməlum səbəbdən azərbaycanca salamlanması və bu anonsun ermənilər arasında ciddi təlaşa səbəb olması üç gündür ki, elliklə müzakirə obyektinə çevrilib. Ermənilərin 3-5 dəqiqəlik həyəcanını az qala Azəbaycanın həlledici uğuru kimi şərh edən ölkə telekanalları, bu olayı demək olar ki, ölkəmizin müvəffəqiyyəti, xalqımızın qəhrəmanlığı kimi təqdim etməkdədir. Günlər uzunudur ki, eninə-uzununa dəyərləndirilən, ermənilərin qorxaqlığı, cəsarətsizliyi ilə bağlı minlərlə çıxışa vəsilə olan məlum hadisə, yəqin hələ bir neçə gün də öz aktuallığını qoruyub saxlayacaq.
Şübhəsiz, Moskva-İrəvan reysində baş verən bu olayın bir xəbər olaraq Azərbaycan ictimaiyyətinə təqdim edilməsi normaldır. Anormal olan bu xəbər ətrafında şou yaratmaq, ermənilərin duyduğu qorxunu onların xisləti ilə əlaqələndirmək, texniki problem səbəbi ilə baş verən bir olayı qəhrəmanlıq aktı kimi Azərbaycanın aktivinə yazmaqdır.
Maraqlıdır, bu gün erməniləri sözügedən olaya görə qorxaqlıqda ittiham edən insanların özü oxşar bir hadisə ilə üzləşsəydi hansı hislər keçirərdi? Doğrudanmı Moskvadan Bakıya uçan təyyarədə ermənicə salam eşidən bu insanlar heç bir təlaş keçirməyəcək, bunu normal bir şey kimi sakit, həyacansız şəkildə dinləyəcəkdi? Heç şübhəsiz, xeyr. Belədirsə, o zaman ermənilərin 2-3 dəqiqə sürən təlaşını bayram etmək nəyə lazımdır? Əgər düşmən ölkə vətəndaşlarının bir neçə dəqiqəlik həyəcanı uğurdursa, o zaman 20-25 ildir ki, minlərlə azərbaycanlı əsiri qorxu altında saxlayan, onlara olmazın işgəncələr verən ermənilərin soydaşlarımıza yaşatdığı sonsuz təlaş uğur epopeyası kimi dəyərləndirilməli deyilmi? Və ən əsası, sırf texniki problem səbəbi ilə meydana çıxan bu olayla fəxr etmək, bundan sevinc duymaq nə dərəcədə məntiqlidir? Axı bu problem hansısa cəsur soydaşımızın əməyi sayəsində deyil, səbəbi hələ də bəlli olmayan hansısa texniki problem nəticəsində meydana çıxıb. Təsadüfi bir olay ətrafında əsl hadisə yaratmağımız onu göstərmirmi ki, artıq bir xalq, bir toplum olaraq təsadüflərə ümid bağlamaqdayıq?
Bəli, kimin nə deməyindən asılı olmayaraq, düşmənin adi texniki problemdən duyduğu ötəri qorxunu belə öz uğuru kimi qiymətləndirən, bununla fəxr edən insanların sevincini yalnız və yalnız miskinlərin, çarəsizlərin sevinci kimi xarakterizə etmək mümkündür. Hansı ki, bu sevincdə heç bir həqiqi fərəh, heç bir üz ağlığı, heç bir nəciblik yoxdur. Bu, gücsüzlüyünü qəbul edən, özünə, öz cəsarət və qüdrətinə inamını itirən, hər şeyi yalnız təsadüflərin və Allahın ümidinə buraxan insanların sevincidir. Bu səbəbdən də həmin sevincdə təqdir olunası, alqışlanası heç nə yoxdur. Bu sevinc hər bir ləyaqətli insan, hər bir ləyaqətli toplum üçün ən böyük ayıbdır və bütün ayıblar kimi bundan sadəcə utanmaq gərəkdir. Və təəssüf ki, hələ də bu utancdan heç bir əsər-əlamət yoxdur.
Seymur Əliyev
e-mail: [email protected]