Dünyada neftin uzuzlaşması fonunda Azərbaycanda benzinin qiymətinin artması elə ilk dəqiqədən cəmiyyətdə ciddi müzakirə predmetinə çevrildi. İctimaiyyət benzin artımının şokundan özünə gəlməmiş ictimai nəqliyyatda gediş haqqının artacağı, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin yüksələcəyi ilə bağlı xəbərlər yayıldı ki, bu tip xəbərlərdən biri də tütün məhsullarında gözlənilən bahalıqla bağlı oldu. Yetkililərin verdiyi bəyanatlardan bəlli oldu ki, benzindən sonra növbəti qiymət artımı tütün məhsullarını əhatə edəcək. Xəbərin özündən daha artıq diqqət çəkən məqam isə qiymət artımının maraqlı bir arqumentlə “əsaslandırılması” oldu. Belə ki, yetkililər tütün məhsullarının qiymətinin artırılmasının azyaşlıların tütünə olan marağı ilə izah edərək bildirdi ki, qiymət artımı azyaşlıların siqaret alması imkanlarını məhdudlaşdıracaq ki, bu da onların sağlamlığı baxımından mühüm addımdır. Başqa sözlə desək, tütünün qiymətinin artırılması dövlətin uşaqlara olan qayğısı kimi izah edildi ki, yəqin ki, dünyanın heç bir yerində qiymət artımı ilə bağlı bu qədər məntiqsiz və absurt dəyərləndirmə yoxdur. Yəqin ki, dünyanın heç bir nöqtəsində məmur-oliqarx acgözlüyünə bu qədər abırsızlıqla nəciblik donu geyindirməyə cəhd edilmir.
Şübhəsiz, faktiki olaraq uşaqlara heç bir əsaslı qayğının göstərilmədiyi, onları yalnız valideynlərin ümidinə buraxıldığı bir ölkədə qiymət artımını uşaqlara qayğı siyasəti ilə əlaqələndirmək mənəvi baxımdan əxlaqsızlıqdır. Çünki hər kəs bilir ki, istənilən bir ölkə, istənilən bir cəmiyyətdə azyaşlıların tütünə, narkotikə, spitli içkilərə meyilliliyi adıçəkilən məhsulların ucuzluğu ilə deyil, həmin cəmiyyətlərdəki əxlaqi-mənəvi aşınma ilə bağlıdır. Hər bir ölkədəki əxlaqi-mənəvi tənəzzülə görə o dövlətdəki idarəetmə sisteminin kifayət qədər ciddi məsuliyyət daşıdığı da bəlli həqiqətlər sırasındadır. Hər kəsə məlumdur ki, tütünə və ya spirtli içkiyə aludə olan bir şəxs qiymətindən asılı olmayaraq nəyin bahasına olursa-olsun onu əldə edəcək, hətta evdən pul oğurlamaq və ya mağazanı qarət etmək bahasına olsa belə ona sahib olmağa çalışacaqdır. Odur ki, siqaretin qiymətini qaldırmaqla uşaqlarla siqaret arasında sədd çəkmək fikri hətta ağıldankəm insanlar üçün belə kifayət qədər məntiqsiz sayıla bilər.
Yəqin ki, məlum məntiqlə benzin qiymətindəki enib-qalxan artım da xalqa qayğının yeni nümunəsi elan ediləcək, hökumətin humanist siyasəti kimi dəyərləndiriləcəkdir. Məsələn, ola bilsin ki, hökumət qiymət artımını onunla əsaslandıracaq ki, benzinin bahalaşması şəxsi avtomobillərdən istifadə hallarını azaldacaq ki, nəticədə ekologiyamız daha az zərər görəcək, insanlarımız üçün ekoloji baxımdan təmiz çevrə formalaşacaq.
Ümumiyyətlə, qiymət atrımına qayğı donu geyindirmək, onu nəcibliklə süsləmək mədəni surətdə qarət edilən insanları həm də ələ salmaq, onları səfeh yerinə qoymaq deməkdir. Halbuki, çağdaş Azərbaycan cəmiyyəti, bu cəmiyyətin demokratik qüvvələri kifayət qədər güclü olmasalar da, səfeh də deyillər. Onlar zəifliklə səfeliyin, tamahkarlıqla nəcibliyin, zülmlə qayğının fərqini yaxşı başa düşürlər. Sadəcə, bu gün həmin qüvvələr mövcud rejimin xalqa etdiyi sitəmə son qoymaq, ona layiqli cavab vermək üçün lazımi gücə sahib deyil. Və bir gün xalq bətnindəki bu şişi kəsəcək, qolundakı bu zəngirləri qıracaq qədər güclü olanda qiymət artımını xalqa qayğı kimi təqdim edənlərə, onu ələ salmağa çalışanlara zülmlə qayğının fərqini praktiki surətdə izah edəcəkdir.
Seymur Əliyev
e-mail: [email protected]