(Millət vəkili Qənirə Paşayeva)
Dünyada gərginliklər çoxalır...
Dünyada savaşlar çoxalır...
Dünyada nifrət artır...
Dünyada qarşıdurma(lar) artır...
Dünyada ziddiyyət(lər) artır...
Dünyada zorakılıq artır...
Dünyada intiharlar artır...
Dünyada qətllər (deməli, qatillər!) artır...
Dünyada fəlakətlər artır...
Dünyada acların sayı artır...
Hər sabah bu xəbərlərlə oyanırıq yuxudan. Hər səhər bu gərgin xəbərlərlə başlayırıq həyatımıza, işimizə... Hər axşam bu xəbərlərlə yuxuya gedirik...
Hər gün hamımız bu xəbərlərdən şikayətlənirik... “Hara gedir bu dünya?” - deyirik... Nə zaman düzələcək bu dünya deyirik... Hamımız deyirik... Amma “mən özüm nə edirəm onun daha yaxşı olması, daha gözəl olması üçün?” ”“ bax bu sualı çox az adam verir özünə... Axı dünyanın bu günə düşməsinin səbəbkarı elə insanlar özləri deyilmi?!
Böyük Şəms Təbrizi dünyanı nəhəng qazana bənzədirdi. O deyirdi ki, həmin qazanın içində mühüm xörək bişir və gördüyümüz, hiss elədiyimiz, söylədiyimiz, hətta düşündüyümüz hər şey həmin qazana ədviyyat kimi daxil olur. Ona görə də bu dünyəvi xörəyə nə qatdığımızı özümüzdən soruşmalıyıq. Çünki son məhsul bizim ona nə qatdığımızdan asılı olur... Hər kəs özündən soruşmalıdır və özünə cavabdeh olmalıdır. Mən nə qatıram bu qazana? - deyə... Dedi-qodu, şər-böhtan, zorakılıqmı... yoxsa, iman, eşq, gözəl əməllərmi?
Sən, əziz dost, sən, nə qatırsan, heç düşündünmü bu barədə?.. Bu qazana, onda bişən insanlıq şorbasına, yeməyinə, məhsuluna qatdığın ədviyyatlar nədir?..
Zira nəinki dünya, eləcə də yaşadığımız toplumda, dövlətdə də hər şey bizim bu qazana nə qatmağımızdan çox asılıdır.
Böyük Şəms Təbrizi bu dünyanı həm də dağa bənzədərdi. Deyərdi, sən ona necə səslənirsən, o da sənə səsləri elə qaytarır (əks etdirir). Ağzından xeyirli söz çıxarsa, xeyirli söz əks-səda verər, şər çıxarsa sənə geri qayıdan şər olar... Eləcə də əməl...
Hər birimiz hər gün, hər dəqiqə bu barədə düşünməliyik...