Millət vəkili Siyavuş Novruzovun cəmiyyətimizdə geniş yayılan yaltaqlıq mərəzini sərt tənqid etməsi, bunu bəzi şəxslərin genetikası ilə əlaqələndirməsi cəmiyyətdə birmənalı qarşılanmadı və qarşılana da bilməzdi. Ən azından ona görə ki, əskrəyyətin qənaətincə, bu gün cəmiyyətin yaltaqlıq notu üzərində köçlənməsinin başlıca səbəbi mövcud hakimiyyət, onun yürütdüyü siyasətdir.
Şübhəsiz, hər bir cəmiyyətin mənəvi mühitinin formalaşmasında hakimiyyətin əsaslı rola malik olduğu inkaredilməzdir. Məhz hakimiyyətin həyata keçirdiyi siayasət, cəmiyyət həyatına gətirdiyi norma və dəyərlər ictimai əxlaq və düşüncənin əsas istiqamətini müəyyən edir. Lakin bu da bir həqiqətdir ki, cəmiyyətin mənəvi mühitində uzun müddət üçün kök salan yaxşı və pis bütün keyfiyyətlər xalqın genetikası, onun xarakteri ilə bağlıdır. Hansı ki, bu genetikada, onun dərinliklərində gizlənən, min illərin uzaqlığından süzülüb gələn xüsusiyyətlər əlverişli şəraitdə dərhal üzə çıxaraq özünü göstərir, öz mövcudluğunu xəbər verir, bəzən isə bu mövcduluğu danılmaz bir fakta çevirir.
Bəli, yaltaqlıq da digər mənəvi çatızmazlıqlar kimi anadangəlmə və genetikdir. Bunu son 20 ildə sürətlə çiçəklənən “yaltaqlıq vəbası”nın təhlili daha aydın göstərir. Bu gün yaltaqlıq bəlli bir qisim istisna olmaqla bütün xalqın yaşam normasına çevrilib. Yaltaqlıq ictimai şüurada elə bir səviyyədə kök salıb ki, bu gün onsuz nəinki vəzifə pillələrində irəliləmək, maddi firavanlığa nail olmaq, hətta gündəlik çörək pulu qazanmaq, fiziki mövcudiyyəti qoruyub saxlamaq mümkünsüzdür.
Zamanımızda yaltaqlıq vicdan və istedaddan qat-qat artıq önəm kəsb edir və ən yüksək səviyyədə kütləviləşib. Bu isə o deməkdir ki, yaltaqlıq bizim genetikamızda, xislətimizdə, yaradılışımızdadır. Çünki xalqın genetikasında olmayan bir şeyin bu qədər kütləviləşməsi, bu qədər uzunmüddətli olması, heç bir narahatlıq və ikrah doğurmaması mümkünsüzdür.
Məsələn, çeçen xalqının azadlıqsevər, cəsur, dürüst bir xalq olduğu bütün dünyaya məlumdur. Lakin bu gün çeçen xalqı içərisində Rusiyaya nökərçilik etməkdən şərəf duyan Ramzan Kadırov kimi yaltaqlar da yox deyil. Fəqət bununla belə çeçen xalqı bu gün öz daxili düşmənlərinə, “milli xainlərinə” qarşı həm silahlı, həm də qeyri-zorakı üsullarla mübarizəni davam etdirir. Sınaraq, əyilərək yaşamaq bu xalqın genetikasına yaddır. Heç bir zorakılıq bunu onun genetikasına sintez edə bilməz. Məhz buna görə də Şimali Qafqazda çeçen silahının səsi susmaq bilmir. Deməli, yaltaqlıq çeçen xalqı üçün ümumi genetik dəyər hesab edilə bilməz. Azərbaycanda da yaltaqlığa nifrət edən, hər zaman həqiqəti dilə gətirən cəsur insanlar az olmayıb və bu gün də var. Ziya Bünyadovdan tutmuş bugünkü mübarizə adamlarına qədər bir çox şəxsi bu kateqoriyaya aid etmək mümkündür. Lakin bu azlıq əksəriyyət deyil və bir neçə onillikdir ki, azlıq olaraq qalmaqdadır.
Bütün bunlar göstərir ki, biz həqiqətən də genetik baxımdan qozbel, mənəvi baxımdan yarımçıq insanlarıq. Məhz bu səbəbdən də mövcud hakimiyyətin bağrımızda əkdiyi yaltaqlıq ağacı daxilimizdən su içərək az qala bir qərinədir ki, durmadan çiçək açmaqdadır. Biz əyilə-əyilə ucalmağa, əyilə-əyilə yaşamağa, əyilə-əyilə ölməyə adət eləmişik. Biz heç vaxt sərv ağacı kimi düzünə yaşaya, düzünə yüksələ bilmirik. Biz ucalmaq üçün hökmən əyilməliyik. Bizim əksər qabaqcılların zirvəyə qalxış hekayəsi ziqzaqlı yüksəli trayektoriyasını xatırladır. Bu hekayələrdə mübarizədən, fədakarlıqdan, mətinlikdən daha çox yaltaqlıq, ləyaqətsizlik var.
Biz bəlkə də dünyada yeganə xalqıq ki, yaltaqlıq edərək qabağa gedən şəxsi “fərasətli adam” statusu ilə başqalarına örnək göstəririk. Biz nə qədər şax və qürurla addımlamağa çalışsaq da, öz mənəvi qozbelliyimizi gizlədə bilmirik. Nəinki gizlədə bilmir, buna cəhd belə eləmirik. Çünki bu, fiziki qozbellikdən fərqli olaraq, bizim firavan yaşamımız üçün faydalı, hətta zəruri qozbellikdir. Və bu səbəbdən də biz öz şikəstliyimizlə fəxr edirik.
Odur ki, bu gün cəmiyyətin əxlaq normasına çevrilən yaltaqlığın tərəqqisinə görə məsuliyyəti hakimiyyətin üzərinə qoymaq, buna görə hakimiyyəti ittiham etmək düzgün deyil. Çünki heç bir zorakı hakimiyyət, heç bir amansız rejim dürüst insanı, dürüst xalqı yaltaq olmağa, simasız olmağa məcbur edə bilməz. Və kimsə, hansısa xalq özündə mənəvi qozbellik aşkar edirsə, ilk növbədə problemi özündə, öz genetikasında axtarmalı, öncə özünü ittiham etməlidir.
Çünki hakimiyyət sadəcə şumlanmış, əkin üçün yararlı vəziyyətə gətirilən zəmidir və bu zəmidə cücərən hər bitki malik olduğu bütün xüsusiyyətlərinə görə zəmiyə yox, öz toxumuna borcludur.
Seymur Əliyev
e-mail: [email protected]