Başqaları və eləcə də özümüz özümüzü bir çox məsələlərdə dünyanın ən bədbəxt xalqlarından biri hesab etsək də, bəzən mövcud reallığı nəzərdən qaçırır, gerçəkliyə olduğu kimi qiymət vermirik. Gerçəklik isə bundan ibarətdir ki, biz əslində düşündüyümüzdən daha az bədbəxt, daha çox xoşbəxtik.
Bu xoşbəxtliyin mahiyyətinə
varmaq üçün gündəlik həyatımızdakı bəzi nümunələrə nəzər salmaq kifayətdir. Məsələn,
biz dünyada yeganə xalqıq ki, adi bir yağışın paytaxt küçələrində yaratdığı göl
və dənizlərə baxa-baxa dövlətimizin müharibəyə hazır olduğuna səmimi qəlbdən
inanır, ölkəmizi istənilən gözlənilməzliyə hazır hesab edirik. Özümüz kasıb
olduğumuz halda dövlətimizin varlı olduğunu düşünür və unudururq ki, kasıb
xalqın varlı dövləti olmur, ola da bilməz. Biz qanuni haqqımızı təmin etdikdə
ağır döyüş meydanında xüsusi qəhrəmanlıq göstərən bir şəxs kimi qeyri-adi dərəcədə
sevinc duyur, buna nə isə qeyri-adi, əlahiddə bir şey kimi yanaşırıq. Ağırlaşdırılan
yaşam şərtləri çərçivəsində yaşadığımızdan bizim üçün uğur sadəcə olaraq gündəlik
dolanışığı təmin etməkdən ibarətdir və bu “müvəffəqiyyət” bizi tamamilə qane
edir. Biz mövcud siyasi sistem və onun yetişdirdiyi harınlamış məmur
kontingentinin əlində oyuncaq olmağa adət etmişik və ən qəribəsi, bu, bizi zərrə
qədər də olsun narahat etmir. Bizim üçün “ən böyük insan” bizim yaşamımızda
kiçik də olsa maddi anlamda rol oynayan şəxsdir və bu şəxsin hansı mənəvi
keyfiyyətə malik olması bizim üçün tamamilə əhəmiyyətsizdir. Biz yaşamımızın ən
dərin qatlarına belə sirayət edən rüşvət və özbaşınalığı ikrah doğuracaq
laqeydliklə seyr edir və hələ də düşünürük ki, bu, sadəcə yuxarıdakı bəlli bir
qrupun işidir, “əsas adamların” bundan xəbəri yoxdur. Bizim üçün ən böyük
demokratiya və fikir azadlığı mətbəx və çayxanada asta səslə gileylənmək sərbəstliyindən
ibarətdir və bu, bizi tamamilə qane edir. Bizə görə ən ağılsız şəxs özünün və
xalqın haqqını meydanlarda arayan, ədalət tələb edən və buna görə həbsə atılan
insanlardır. Bizim ən böyük əyləncəmiz bu insanlar haqqında elan edilən məhkəmə
hökmlərini dinləmək və bunu dinlərkən öz ağlımızdan məmnunluq duymaqdır. Biz
doğularkən də, yaşarkən də, ölkərkən də rüşvətsiz keçinə bilməyən insanlarıq və
başqa bir yaşamı xəyal belə etmək bizim idrakımız xaricindədir.
Bir sözlə, biz kifayət qədər
xoşbəxtik və bizim xoşbəxtliyimiz öz bədbəxtliyimizi yetərincə dərk etməməkdən
ibarətdir. Hərçənd ki, bu cür xoşbəxtliyin özü də ən böyük bədbəxtlik kimi
xarakterizə oluna bilər. Lakin hələ ki, bu bədbəxtliyi kəşf edəcək dərrakəyə,
onunla üz-üzə, göz-gözə gələcək cəsarətə sahib deyilik. Demək, hələ ki, xoşbəxtik...
Hələ ki..!
Seymur Əliyev
e-mail: [email protected]