Bu qələmin ən sevmədiyim tərəfi hamının hər şeyi yaza bilməsidir. Səhər dövrü mətbuatı səhifələyəndə qarşıma çıxan bütün yazıları oxumasam da göz gəzdirirəm. Və elə bu səbəbdən idi ki, gözümə sıx-sıx dəyən ağac soyqırımından “qəlbən narahat olan ağac həvəskarlarının” ekologiyanı qorumaq adına hazırladıqları yazılar idi. Özü də həftədə bir dəfə 83 yaşlı bibimi görmək üçün getdiyim Binəqədidəki ağaclardan. İndi keçim mətləbə. Binəqədi lap cavanlığımın xatirələrini daşıyırdı küçələrində. Binəqədiyə elə o vaxt da bibimi görməyə gələrdim. Ancaq o zamanlar bibim daha qıvraq, bişirdiyi təamlar isə daha dadlı idi. O zamanlar Biləcərinin indi dairəsi deyilən yerə çatan kimi bir ağızdan hamının eyni sözü səsləndirirdi “xarabaya çatdıq”. Mən o zamanlar uşaq idim. Biləcəri bibimin yaşadığı yer idi və nə üçünsə insanların ora xaraba deməyi mənə çatmırdı. Ta ki, böyüdüm və böyüdükcə də bibimgilə gəlişlərimin sayı azalmağa başladı. Bibimə görə yox.. O yolu maşın sürərək gəldiyim üçün təəssüratlarımın yaradıcı qanadlarını pasa verməmək üçün. Çünki mən böyüdükcə anlayırdım ki, əslində Nuşirəvan və bayquşların söhbətindəki xaraba elə məhz Biləcəri idi. Qatarlar qəsəbəsi Biləcəri. Sonra birdən birə uşaqlığımın sevimli yeri olan, böyüdükcə mənzərəsindən təngə gəldiyim Biləcəri başladı dəyişməyə. Sanki həftəlik ziyarətlərimdə dəyişirdi. Tam gözümün önündə.. Bibim qocalırdı. Biləcəri dəyişirdi. Bibim məni qapının kandarında görəndə həmişə biqəfil gəlməyimdən şikayət edərdi. Mən də üzümə həmişə “bağışla” təbəssümü qondurar və “bir də gələndə xəbər edəcəm” öpüşü verərdim bibimə. Bibim mənim xəbərdar gəlişimə daha uşaqlığımdakı kimi qurutlu xəngəl hazırlamayacaqdı, bilirdim. Ancaq edə biləcəyi ən mümkün əziyyətdən də onu qorumaq istəyirdim-geyinib, yaşıl kəlağayısını örtüb oturacaqdı kandarda. Hər evə gəldiyimdə “ay çiqan, bu Biləcəriyə yol çəkirlər, ay çiqan heç bilirsən Gülmirənin oğlunun evinin damını necə düzəltdilər? Ade, Firdovsigilin məhləsinə park salıblar lap Amerikanski. Ay Rafiq, sən canı yuxarı gedəndə Allahverdinin qəbrinə bir fatehə oxu (Milli Qəhrəmanlar parkında büstü olan qaynı oğlunu deyir), düz evin yanına qədər gətiriblər kişilər”. İndi qayıdım dövrü mətbuata. “Soyqırım” çox ağır sözdür. Mənim əslən Xocalıdan olan dostum Talehin bütün ailəsini yer üzündən silən söz.. Soyqırım mənim babamın babasını Şamaxıda yerlə yeksan edən sözdür. Bu söz hər gələndə onu 3 ağacın mahiyyəti üzrə kəsilməsinə yapışdıranlara ürəyim ağrayır. Bir zamanlar xarabalığa bənzədilən Biləcərinin bu gün dəyişən hər həftəsinə, yaşıllaşan hər parkına verilən qiymətsizliyə canım ağrayır. Bibimin 83 yaşı var. Bir ölümün döyə biləcəyi ən yaxın qapıdır onunki. Heç kəsi yoxdur. Ərinin cəsədi ilə torpağa gömülən ailə ümidləri var və bir də mən. Hər həftə qapısını döyüb halını soruşduğum mən. Bibimin bu dünyada tək qorxusu Əzrayil əfəndidir. Onun tək qorxduğu tək otağında ölməkdir. Və onun tək ehtiyacı olan qapıdan içəri girib “ay nənə, gəldik bir halını soruşaq” deyən səlahiyyətlidir. Bibim ona kənd soveti deyir. Bir də onu deyir bibim, deyir ki, kənd soveti o gün suyumu soruşdu. Dedim “şükür Allaha gəlir”. Şükürlü təkcə bibim olmasın, hamımıza şükranlı günlər arzu edirəm. Soyqırımı leksikonunzdan çıxarmaq ümidi ilə.
Rafiq
Mirzəyev