Bəzən iqtisadiyyatın inkişafının nəticələri kimi hesab
etdiyimiz əməli işlərin cəmiyyətə heç də yaxşı tövhələri olmur. Yəni inkişafın vəhşiləşmiş həddini müşahidə
etməli oluruq. Sonda isə fərdə məxsus ən dəyərli keyfiyyətləri itiririk.
Bu gün ölkəmizdə çox böyük sürətlə tikinti işləri
görülür. Bu işlərin görülməsi zamanı isə insanların mülkiyyətinə qarşı zor işlətmə
hallarına yol verilir. Əgər bir
quş yuvasının uçurdulması nə qədər anti-insani keyfiyyətləri özündə ehtiva edirsə,görün
bir ailənin yuvasının dağıdılması hansı günaha və insanlığa zidd əxlaqa əsaslanır.
Bunu adi qiymətləndirmək ona görə olmaz ki, bu yolla insanlarda ciddi şəkildə vətənpərvərlik hissləri məhv edilir.
Məsələn, hər
bir insanın yaşadığı evin tarixi, energetik yaddaşı və xatirələri onun sakinləri üçün mənəvi bağlılıq
yaradır. Bu hisslər nostalji effektli yaddaş kimi də insan təxəyyülündə
canlanır. Bəzən xatirələr o qədər əziz və sevimli olur ki, onu hər zaman xatırlamaq üçün ciddi ehtiyac
yaranır. Həmin hisslər insan mənəviyyatının formalaşmasında əvəzsiz tövhələrə
malikdir.
Hər hansı maraqların naminə böyük bir aləm qədər zəngin
olan insan varlığının bütün düşüncələrini zədələyərək onu ən incə və müqəddəs
duyğulardan məhrum etməyin nə demək olduğunu təsəvvür etmək o qədər də çətin
deyil. Elə, obaya, anaya, ataya, vətənə bağlılıq da elə evə və yurda
bağlılıqdan başlanır. Evinə bağlı olmayan insan onu qorumaz, evini qorumaq istəməyən
insan vətənini qorumaz. Bu hisslər bir-biri ilə sıx bağlıdırlar və onun
formalaşması iradədən asılı olmayaraq şüuraltı formada gedir.
Sizcə, insan resursları öz keyfiyyətini itirdikdən
sonra cəmiyyət necə sağlam ola bilər? Mən isə belə qeyd edirəm -cəhənnəm olsun
şəhərlərin gözəlliyi , əgər məqsəd gözəl şəhərdirsə daha yeni müasir şəhər
salınsın, insanların mənəvi bağlılığını sarsıdan inkişaf xərabətdir.
Uşaqlığınızı
keçirdiyiniz, hər küncündə xatirələr yaşadığınız ata və yaxud baba yurdunuzu
viran qoyduğunuz halda unutmayın ki, keçmişinizi və ən incə duyğularınızı viran
qoyursunuz. Müqəddəs heç bir şey qalmadığı halda isə insan nəyə və kimə gərəkdir-
onu deyə bilmərəm.
Pulla belə
hisslərin alınması daha geniş formada elə vətən torpağını da satmağa hazır
olması kimi keyfiyyətləri əlaqələndirir. Odur ki, əziz həmvətənlər , yenə də
yaxşı yaxşı düşünmək gərəkdir. Bu
tendensiyaya son qoymaq lazımdır. Evinə yuvasına bağlı insanların iradəsinə
qarşı zor tətbiq etməyi ən ağır cinayət kimi qanunvericilikdə təsbit etmək
vacibdir. Əks təqdirdə onsuz da mənəvi cəhətdən deqrodasiya edən cəmiyyət ruhən
ölü və cansız bir kütlə görüntüsündən başqa bir şey deyil. Sevgini,etibarı və
inamı aradan qaldırmayın ki, onsuz
da mənasız olan həyat bütün rənglərini tamam itirərək sizin üçün ağ qara ekrana çevrilməsin. Özünüzə qarşı heç olmazsa mərhəmətli olun.
And olsun ki, aşındığımız kimi, bəlalarla baş- başa qalacağıq.