Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni şerini oxuculara təqdim edir.
Adamı özündən alıb
özsüz edən,
Atəşinə, alovuna
qovrulduğun ocaqları,
odsuz, közsüz edən,
görən gözləri gözsüz,
danışan dilləri
sözsüz edən,
nə qəribə yuxular var...
Daddıqca, bal dadan,
Lap, uşaq kimi aldadan,
Bəxtinə işıq tutduran,
yer dərdini unutduran,
Xətasız-xətərsiz,
səni, səndən xəbərsiz
göylərə götürən,
azdırıb, yerə sarı ötürən,
nə qəribə yuxular var...
Nə qəribə yuxular var...
Sallana qaldığın yerdən
adamın ayağını üzdürən,
Alıb mələklər qanadına
göylərdə səni gəzdirən.
Ayı, ulduzu, səmaları,
yaxından seyr etdirən,
Üzü daş bağlamış
yer adamını,
göydən sənə sevdirən.
Heç nəyə əlin dəymədiyi,
heç nəyə toxuna bilmədiyin,
hər şeyin içində olduğunu
sənə anladan,
Ayılıb, görməyəndə,
özünü, özünə danladan,
nə qəribə yuxular var...
Çiçək-çiçək ulduzların,
nur topası
məlkək-mələk qızların,
yaşıl işıqların,
rəngi özündən olan
gömgöy yaraşıqların,
səni qoynuna aldığı,
Əli, qolu yerdə qalmış,
ruh adamların, qol açıb,
boynuna sarıldığı,
nə qəribə yuxular var...
Olacaqların oluşudur
qəribə yuxular,
Qərib üçün vətən,
yuxularda doğular.
Və olan mütləq olacaq,
Qəribə yuxuların olmadığı,
çiçək-şiçək ulduzların,
mələk-mələk qızların,
yuxuna dolmadığı,
və hər şeyin gerçək olduğu,
bir gün, əlbəttə, olacaq.
Zaman-məkan ötəsi,
Səni qoymayan
dil-dil ötəsi,
Səni səndən alıb
sənsizliyə götürən,
Səni son mənzildən
əvvələ yetirən,
bir gün, mütləq olacaq.
Onda, nə qəribə yuxular,
nə də gördüklərin olacaq,
O gün, nurlu bir aləmə
qovuşduğun an olacaq...
Nurəddin İsmayıl
9 noyabr 2014