Çətin bir də su sıza
Biz gülzarını xəzan
vurmuş
bir balaca yurduq,
içinə həşir düşmüş
bir balaca elik,
yer kürəsinin
didim-didim didilmiş,
parçalanmış bucağında.
Biz həm də bir balaca
yurd içində, el içində,
bir-birinə tələ quran,
qarmaq atan,
şöhrət üstə, kürsü üstə
bir-birini bazarlayıb,
bir quruşa yada satan
üzü dönük övladlarıq
səhər axşam bizə layla
deyən
vətən adlı anamızın
qucağında.
Biz xilaf çıxdıq,
Allah qisməti vətən əmanətinə,
Şərəfdən donumuzun
biçildiyi
insanlıq zəmanətinə.
Badələr əlimizdə tərif
yağdırdıq
kabab iyli yaylaqlara,
Bəh-bəh deyə-deyə
döndərdik Azərbaycanı
əcnəbilər kefin çəkən
oylaqlara.
Düşdük it ağzına, qurd
ağzına,
Kilid vurduq haqdan gələn
söz ağzına.
İnandıq ağzı plov iyli
imanı qırıq “dindar”lara,
Hərə bir büt yaratdı,
heykəllər ucaltdıq,
millət atası fironlara.
Şərin çatısı ilan tək
sarıldı
boynumuza,
Çıxmadı xalqın sözün deyən
rəhbər kimsə qarşımıza.
Harada qaldı bu yurdun
ağzı dualı hacısı, kərbəlası,
Niyə qurtulmur bizdən
zülmün ərşə dirənən
hər çür bəlası.
Yetməz qardaşım, yetməz,
yerdən göyə gedən
ahımız amanımılz,
Qənim kəsildi bizə
Dünənə arxa çevirib,
arxamızca gələnləri,
sabaha arxayın salan
yalançı gümanımız.
Biz gəzdik ağa dalınca,
ağalıqdan uzaq olduq.
Xoşlamadıq bəyzadəliyi,
nəfsin qurbanı,
köləliyə dustaq olduq.
Birimiz mindik ağzı
köpüklü
azğınlaşmış şöhrət atına,
Qəzəb üstün gəldi,
rişxənd etdik birimiz,
digərinin künyəsin-
zatına.
Düşmən yalan oldu
daş atdıq,
daşladıq bir-birini,
Buraxdıq taleyin kor
ixtiyarına
boşladıq bir-birini.
Arxalı köpəklər qurd
basdı,
arxa olammadıq arxasıza,
Çətin bir də
qurutduğumuz arxa su
sıza.
Birimiz sağa,
birimiz sola çəkdik,
Yol allah yoluydu, əfəndim,
nədən hərəmiz bir yola çəkdik.
Nurəddin İsmayıl