Faniliyini bilə-bilə bağlandıq hər keçidi tələ-tuzaq, ipləmə-saplama dünyaya. Həsəd apardıq, boylandıq, boy atdıq, təkəbbür göstərdik qazanında mum tək əridiyimiz dünyaya. Imkan birininin başını gicəlləndirdi, imksnsızlıq birini naşikür etdi, hərə bir cür naz satdı hər kəsə məzar dünyaya. Satanı kim, alanı kim, satanı da, alanı da əsir oldu matahlarla dolu bazar dünyaya.
Dar dünyanı gen
bildik, çalıb-capdıq sinəsində, bilmədik ölüm adlı nəsnə var çat verən
künəsində. Qazdıq quyusunu dostun-aşnanın, bilmədik əvvəli gümək, sonu
ağlamaqdır bu tamaşanın. Ey insan haqq bildiyin haqdandır, bağlanmağın fani
dünyay, bil, nahaqdandır.
Güldürüb, ağladan dünya
Dərdi əkib içimizə,
Çölümüzdən bizi
güldürən dünya.
Sığal çəkib başımıza,
Göz yaşını özümüzə
sildirən dünya.
Şirini verər, açını kəsməz,
Layla deyər beşiyində,
içində qovrulduğumuz
sacını kəsməz.
Şöhrət verər ad verər,
Təndirində yapılmağa
ölüm adlı bad verər.
Vəfa qılma, vəfası yox,
Səfasından cəfası çox.
Gözəldir, çəkər ağuşuna,
Tutar onu sevənləri,
gölündə boğdurduğu
qəm yağışına.
Ilmə atar, tor qurar,
Zəmisindən dənlədib,
samanını göyə sovdurar.
Qarı nənədir yaşı çox,
Anlayanı az, naşı çox.
Qaş-göz atar, naz satar,
Boylandırar damına,
eyvanından qaş çatar.
Küçəsi geniş, qəbri dar,
Anlamaz hikmətini,
kəmhövsələ, səbri dar.
Aldanma şeh düşən
gül üzünə,
Bax, astarından o tərəfə-
görünməyən üzünə.
Sorağını gəzdiyin
o üzündədir,
Saf sular bulağın gözündədir.
Burası bədən içində
ruha əzab yeri,
Qurtul əzablardan,
sən dünyanın
o üzünə sarı yeri.
Yeri ki, çıxsın bədəndən
can dincəlsin,
Can özgə, bədən özgə,
Canın götürüb getsin,
hərə öz mənzilində dincəlsin.
Nurəddin İsmayıl