Moderator.az ADP sədrinin müavini, istedadlı qələm sahibi, özünəməxsus şeirləriylə geniş oxucu rəğbəti qazanmış Nurəddin İsmayılın daha bir seçməsini oxuculara təqdim edir:
Azərbaycan-bütövlüyünü
qoruya bilmədiyimiz, ruhu bədənindən ayrı salınmış diyar. Güneyində milli
haqlarının, qüzeyində azadlıq duyğularının ayaqlar altına salındığı yurd.
Təbrizi teokratik molla
rejiminin, Bakısı avtoritar yönətimin əsarətində can verən nisgilli məmləkət. O
sahili hiyləgər fars siyasətinin, bu sahili quduz rus siasətinin güdazına gedən
qos-qoca Azərbaycan...
“Türkmənçay”, “Gülüstan”
adlı xəyanət sazişinin “Araz”la tən yarı böldüyü parçalanmış vətən. Birinə
qondarma iranlı, birinə qurama azərbaycanlı damğası yapışdırılıb soyu unutdurulan
türk elim, canım vətən!..
Azərbaycan- sən ey köksü
atəşlər içində qovrulan
diyarım,
Sən ey-ana yurdum, könül
iftixarım.
Ruhumuzun bir vurduğu
bədəndin,
bölüklənib bölündün.
Yanan özün, yandıran öz çölündü.
Qismətinə ayrılığın
dastanını yazdılar,
Diri ikən sinən üstə məzarını
qazdılar.
Bir qolunu zəncirlədi fars
adlı “teist”lər”
Bir qoluna qandal vurdu
dinsiz-ateistlər.
Azadlığa meydan açan
Səttəri xandır,
Şeyx Məhəmməd Xiyabanidir,
Tehranında yaddaşlardan
sildirilən.
Cümhuriyyət bayraqdarı
Məmmədəmindir,
Elçibəydir,
Bakısında yandırdığı
çıraqları söndürülən.
Pəhləvi qəsdinə durdu
istiqbalının,
Şurəvi sinəsindən vurdu
istiqlalının.
Mücahidlər, fədailər can
verir
qüzeyində zindanlarda,
Azadlıq aşiqləridir güneyində,
qanı axıdılan meydanlarda.
Tikanlı məftillər
götürüldü,
ayrılıqlar götürülmədi
aramızdan.
Allahım, bu yara nə dərin
yara,
hələ də qan sızır
yaramızdan!..
Dedik, birləşək, bir olaq,
azad olsun ellərimiz.
Nə biləydik, manqurdlara,
göz dağıymış türkü deyən
dillərimiz.
Hökmünü farsdır verən
cənubunda millətimin,
Rusa boyun əyənlərdir,
siyasəti diz çökdürən
şimalında dövlətimin.
Mollakratdır təbəssümü o
üzündə
dodaqlarda donduran,
Bir dəstə partokratdır bu
üzündə
vətən gülzarını solduran.
Şuşasıdır bir tərəfdə
əsarətin caynağında inləyən,
Təbrizdir can verir o
tərəfdə,
yox kimsə dərdini dinləyən.
Kəsilir başlar, asılır
canlar fitnə yuvası Tehranda,
Ədalət qapısına daş
bağlanıb bu tay Azərbaycanda.
“Zəbani farsi”ni bayraq
edib,
dilimə xor baxır İran,
Könüllərdir burada, edilir
viran.
Biri milləti çəkib məzhəb
davasına,
Biri döndərib ölkəni bütlər
yuvasına.
Qardaş deyib bizə, erməniyə
hay verdilər,
Rəyasət düşkünləri
torpaqdan yağıya pay verdilər.
Kəsdirdilər “qardaşlara
salam olsun” deyənlərin dilini,
Sinəsinə dağ çəkilir burada
Qarabağ adlı oğuz elinin.
Şəhriyarıma, Səhəndimə
qənim kəsildi kəsranilər,
Əl qoyur imana burada
dindən dönmüş nəsranilər.
Əl ələ yetdi, el elə
yetmədi,
Zalımlar girdi araya,
aramızdan ayrılıqlar getmədi.
Ozan gəlsin, dərdimizi
bəyan eyləsin,
Bəndə bilməz sirrini,
Tanrım özü əyan eyləsin.