Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Azərbaycan Rusiyadan 98 min manata 34 xarici eşşək alıb. Eşşəyin qiymətinə bax ki, dövlətimizin ona ətək-ətək pul verməsi azmış kimi, şairlərimiz də Allahın bu uzunqulağına şeir həsr edirlər.
Moderator.az onlardan birini- Heydər Oğuzun qələmə aldığı bir şeiri təqdim edir:
Boş ver hələ, ac-yalavac
Yolda ölən milli iti.
Bu ölkənin əlilinin
Yoxdur 98 biti.
98 min müəllim
Bilmir necə getsin dərsə?
Övladları ac qalmazmı
Maaşını yola versə?
98 min ata var,
Bilmir evdən nəyi sata.
Dövlət amma ulaq alır
98 min manata.
98 min manata
Eşşək alan bir ölkədə
Aclığından yata bilmir
Neçə uşaq, gənc bəlkə də.
Bu ölkənin
fəhləsi ac,
Polisi də it günündə.
Baxma, bığı yağlı gəzər
Yas yerində, toy-düyündə?
Hələ
neçə işsizi var,
Işsiz kimi işçisi var.
Qapıları qıfıllanan
Həkimi var, dişçisi var.
Kəndlisi var, neftçisi var,
Vardır bir də ac əsgəri.
Bu ölkədə yoxsullar var,
Bir sümükdür, bir də dəri.
Harda yatır, harda qalır.
Onlar çörək tapa bilmir,
Dövlət gedib eşşək alır.
Bir ölkədə seçilmirsə
Yaxşı pisdən, ağ qaradan,
Bu nə yerdir, nə ölkədir,
Yaratmısan, ey Yaradan?!
"Bu nə yerdir, yaratmısan?"-
Desəm yazma, gəl, günaha!
Bu ölkənin eşşəkləri
Adamlardan daha baha.