Mütərəqqi ideya adamlarını bəzən axına qarşı üzənlər kimi təsəvvür edirik. Zamanın gedişatı isə üzləşdikləri bütün çətinliklərə baxmayaraq onların nəinki öz hədəfinə çatdıqlarını, hətta mənsub olduqları toplumu, bəzən isə bütün bəşər övladını öz arxalarınca apardıqlarıını göstərir. Kimisə öz tərkinə alıb aparmaq, təbii ki, axına qarşı üzənlərin yox, əksinə, axının, selin özünün başlıca əlamətidir. Bəşəriyyət məhz bu cür insanların əzmi, mətanəti sayəsində bu günlərə gəlib çıxıb, inkişaf edib və gələcəyə doğru gedir. Bu fədakarlar olmasaydı, insanlıq öz ibtidai həyatından qurtula bilməz, planetin digər şüursuz canlıları kimi milyon ildən bəri sürüb gələn reflekslərlə, instiklərlə hərəkət edərdi. Deməli, onlar həm də bir küll halında olan insanlığın beynidirlər.
Bu insanlar zaman selinin ilk kiçik dalğaları, öndə gedənləri olduqlarından qabaqlarına çıxan əngəllərə qarşı dirənir, bəzən aşdıqları bəndin divarlarına hopurlar. Biz bu hopma hadisəsini yoxoluş kimi qavrayırıq. Əslində isə onlar yox olmurlar. Sadəcə bəndin torpaq səthi tərəfindən əmilərək onu yumşaldır, arxalarıyla gələn növbəti dalğalara qarşı bəndin müqavimət gücünü azaldırlar.
Selin ilk dalğalarının bənd tərəfindən həzm olunması bizə axına qarşı üzmək kimi görünür. Halbuki onlar axına deyil, bəndə qarşı üzənlərdir. Əsl axına qarşı üzən isə həmin bəndlərdir. Bütün müqavimətlərinə, qarşı duruşlarına baxmayaraq bu bəndlər mütləq yarılmağa, selin önündə təslim olmağa məhkumdurlar. Çünki zamanın axarı bu istiqamətədir və heç bir qüvvə onu dayandıra bilməz.
Təəssüf ki, bu gün Azərbaycanda da zaman selinin gücünü anlamadan onun ilk dalğalarını həzm etməyə çalışan bəndlər mövcuddur. Bu bəndlər dünən Leyla Yunusu, İntiqam Əliyevi uddu, bu gün Seymur Həzini. Sabah kim bilir, hansı dalğanı öz içinə çəkəcək. İçinə çəkə-çəkə də bütün dünyaya meydan oxuyacaq. Meydan oxuya-oxuya da yumşalacaq və təslim olacaq. Axına qarşı dirənən bütün bəndlərin qaçınılmaz sonluğu olan bu təslimiyyətin ilkin işarələri indi belə görünür. Hər halda Azərbaycan 5-10 il bundan əvvəlki Azərbaycan deyil. Bir zamanlar olduqca sərt olan rejimin xeyli yumşaldığını etiraf etməmək bənddən çox, onu yumşaldan selin ilk dalğalarına haqsızlıq olardı. Bəndin yumşalması isə zəruri sonun başlanğıcı deməkdir.
Zaman bu cür axına qarşı duruş gətirmək, üzmək istəyənləri çox görüb. Amma axının önündə bənd olmaq istəyənlərin heç biri zamanın tələblərini görə bilməyiblər və uçuruma doğru yuvarlanıblar.
Moderator.az oxucularına sunduğum bu şeir də məhz əsl axına qarşı üzənlərə həsr olunub.
Axına qarşı üzmə,
Sel ağa, qul tanımaz.
Baxmaz kimsən, nəçisən,
Vəzifə, pul tanımaz.
Axına qarşı üzmə,
Bu, sən bilən iş deyil.
Hər suya kəllə vurmaq
Heç yaxşı vərdiş deyil.
Unutma, sel gələndə
Balıqlar da gizlənir.
Sahildə qum təpəcik
Yuyularaq düzlənir.
İnadını, gəl, çıxart
“Mən, mən”-deyən beynindən.
Axına qarşı üzmə,
Donun çıxar əynindən.
Sel aparar donunu,
Çölə çıxa bilmərsən.
Adın düşər dillərə,
Üzə baxa bilmərsən.
Axına qarşı üzmə!
Sel ağa, qul tanımaz.
Sənə çətin durumdan
Çıxmağa yol tanımaz.