Dünyada və Qafqazda gedən son proseslər fonunda daxili siyasətin daha həssas barometrlərə nəzərən tənzimlənməsi gündəmə gəlir.
Moderator.az
bu xüsusda Azərbaycan ziyalılarının daha çox susqunluğunu
müşahidə etdiyindən müstəqil yazıçı-araşdırmaçı, AYB-nin üzvü Xaqani İsmayılın
fikirlərini öyrənməyə çalışıb. Mövzu ilə bağlı müsahibimiz aşağıdakı düşüncələrini
oxucularla bölüşüb:
"Dünya
şöhrətli sərkərdə Əmir Teymurun sarayının sanbal mücəssəmələrindən olan, acı həqiqətləri
bədii dillə hökmdarın məclislərində onun üzünə söyləyən Şair Kirmaninin
missiyasını yaxşı dərk edən orta əsr Orta Asiya türk məmurlarından fərqli
olaraq, XXI yüzillikdəki Azərbaycan hökmdarının yan-yörəsindəki bəzi konservatorlar
isə tənqidi fikirləri ilə "ipə-sapa yatmayan" gəncləri ram etmək üçün
çıxış yolunu bu gənc müxalifləri həbsə atmaqda görür. Sual oluna bilər: bu gənclərin
"ərköyün" çıxışlarını önləmək iradəsi var idisə, niyə öncələrdən
normal "profilaktik" tədbirlər görülmürdü? Əgər bəzi tutuqlanan gənclərin mövqelərində
"ictimai təhlükəli" yanlışlıq paketi var idisə, haradaydı bu ölkənin
TV-ləri və digər dövlətyanlı mediası ki, öncədən ciddi müzakirələr açmırdı,
ictimaiyyəti və o sıradan valideynləri inandıra bilmirdi ki, tutalım, həmin gənclərin
yolu ölkəmiz və millətimiz üçün əvvəl-axır zərərlidir, yaxud, məsələn, məmləkətə
Ukrayna variantı vəd edir...
Quzey Kiprdə
təhsil alan Ömər Məmmədovun (həkimim və
ailəvi dostum Elyar Məmmədovun oğlu) timsalında qafasına müəyyən məqsədlər
qoymuş "ərköyün" gəncliyin həbsi bu cəmiyyətə və dövlətə nə verəcək?
Hanı bu ölkənin orden-medallarla yüklənmiş və vəzifələri topdan-pərakəndə
qamarlamış hökumət yazıçıları, hökumət alimləri, politexnoloqlar?
Hanı məmləkətdəki
"AzTV-lər", bəzən ittiham ruporları olmaqdan başqa, bənzər məsələlərdə
nəyə yarayırlar...?
İndi
dünya daha ciddi çəkildə dəyişikliklərə doğru gedir. Mən Qərbin və ya digər
"Yerpara"sının özünəbab nəzərdə tutduğu dəyişikliklərdən söz
etmirəm. Mən bu gün bölgəmizin və dünyanın qədəm qoyduğu yeni şərtlər gerçəkliyinin
işarələrinə göz yummamağın davasındayam. O şərtlər də ölkə başçısından təşəbbüsü
üzərinə götürüb, ölkəni qara piar fonuna dartan məlum məmur yanaşmaları
sistemini darmadağın etməyə əl atmasını qaçılmaz edir. Cəbhədəki Vətəndaş Həmrəyliyi
tələb edən bugünkü vəziyyətsə cəmiyyətdə silkinməyi, arınmağı və Azərbaycan
mövqeyində dayanan fiqurların layiq olduqları yer və sırada səfərbər olmalarını
şərtləndirir.
Başqa
sözlə, özgəsinin tapdağında ola-ola özümüzə qarşı mübarizə aparmaq mərəzindən və
ətalətindən qurtulmaq iradəsi səlahiyyət sahibinin qərarını gözləyir və çoxdan
ictimai sifarişə çevrilib. "