Kəlbəcərə səfər əsnasında girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin erməni əsirliyindən azad edilməsi ilə bağlı çağırışlar Azərbaycanın ictimai-siyasi həyatında əsl təbəddülat yaratmaqdadır. Adi vətəndaşlardan tutmuş millət vəkillərinə qədər hər kəs D.Əsgərovun öz doğma torpağına səfər etdiyini əsas gətirərək onun dərhal azad edilməsinin vacibliyini vurğulamaqdadır. Hələlik D.Əsgərovun azad edilməsi məqsədi daşıyan məlum tendensiyanın nə ilə nəticələnəcəyi bəlli olmasa da, girov soydaşımızla bağlı səslənən bəyanatların kifayət qədər səmimi olduğu birmənalıdır. Şübhəsiz, D.Əsgərov və səfər yoldaşının erməni girovluğundan azad olunması hər bir azərbaycanlının arzusudur və bu baxımdan məlum istiqamətdə göstərilən hər bir cəhd tamamilə təbii və alqışalayiqdir. Fəqət anlaşılması mümkün olmayan mühüm bir məqam var ki, bu da azadlıq tələbinin yalnız D.Əsgərovla bağlı irəli sürülməsidir. Halbuki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata görə, erməni əsirliyində 800 nəfərə qədər azərbaycanlının olduğu məlumdur. Hansı ki, bütövlükdə müharibə dövründə 4264 nəfərin itkin düşdüyü bildirilir ki, bu da erməni girovluğundakı əsirlərin sayının 800 deyil, minlərlə ola bləcəyini ehtimal etməyə əsas verir. Belə bir vəziyyətdə milyonlarla insanın bir tək D.Əsgərovun azadlığı məsələsini gündəmə gətirməsi anlaşılan deyil. Halbuki, bu insanlar D.Əsgərovdan da illər öncə erməni girovluğundadırlar. Onlar da D.Əsgərov kimi bu vətənin, bu torpağın övladlarıdır. Onlar da D.Əsgərov kimi öz doğma torpaqlarına girov götürülüblər. Onlar da D.Əsgərov kimi Azərbaycan xalqının təmsilçiləri, onun şərəf və ləyaqət daşıyıcılarıdır. Məhz bu səbəbdən də istər rəsmi Bakı, istərsə də ölkə ictimaiyyəti yalnız D.Əsgərovun deyil, erməni girovluğundakı bütün insanlarımızın azad edilməsinə çalışmalı, bütün təşəbbüslər məhz bu nöqtədə cəmləşməlidir.
Düşmən əsirliyindəki bütün soydaşlarımızın azadlığına nail olmaq, ən azından bunun üçün bütün zəruri addımları atmaq hər birimizin vicdan və vətəndaşlıq borcudur. Bu yöndəki mübarizəmizi sonuncu soydaşımızı düşmən əsirliyindən azad edənə qədər davam etdirməliyik. Əks təqdirdə bir tək D.Əsgərov və Ş.Quliyevin azadlığı heç nəyi dəyişməyəcək. Bununla biz sadəcə iki həmvətənimizi düşmən əsirliyindən azad etmiş olacayıq ki, bu da yüzlərlə, minlərlə girovla müqayisədə çox az təsəllidir. Odur ki, xalq və dövlət olaraq yalnız bir və ya iki soydaşımızın deyil, hər bir vətəndaşımızın təəssübünü çəkməli, onların hər birinin taleyinə önəm verməliyik.
Unutmamalıyıq ki, erməni əsirliyindəki bütün soydaşlarımızın yeganə təsəllisi yalnız biz ”“ Azərbaycan xalqı və Azərbaycan dövlətidir. Və bizim borcumuz gec də olsa bizə olan ümidləri doğrultmaq, bu insanları əbədi girovluq taleyinə məhkum etməməkdir.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru