Moderator.az istedadlı qələm sahibi Nurəddin İsmayılın olduqca orijinal daha bir şeirini öz oxucularına ərməğan edir:
Ölkəmizi sahibsiz görüb,
ölkəmizdə sahibsiz gəzmə, it.
Ya acından ölər,
ya da səni sahibsiz görüb
öldürərlər.
Ya ağlı dayaz birisi,
ya peşəkar it daşlayan o birisi,
daş atar, qısqırdar,
ya mərdi qova-qova
namərd edənlər
nəfs damarını tutub
səni bir sümüyə
aləmə güldürərlər.
Ölkəmizi sahibsiz görüb
sahibsiz gəzən it.
Mədəniləşən şəhərdə
sülənib
özünü gözdən salma,
Villa, saray qoruyucusu deyilsən
əti görüb haray həşir salma.
Çıx mərkəzdən qırağa,
gəz zibillikləri,
nə tapsan ye, ətə qana gəl,
kəndinə dön,
bir evin sakini olmağa get.
Qorxma ölməyindən,
Qorx, adamların
halına gülməyindən.
Ya öl qurtar,
ya da abrını yığ ətəyinə,
mühacir soydaşlar kimi
ölkəmizi birdəfəlik tərk et.
Burası sahibsiz itlərin
bəsləndiyi ölkə deyil,
Bəslənməyinə arxayın düşüb
gəzmə buralarda veyl-veyl.
Burası insanın
it yerinə qoyulmadığı yer,
İtin it, pişiyin pişik olmaqdan
bezib tükəndiyi yer.
Bezib getsən,
Abrını ətəyinə yığıb
buralardan getsən,
ey yurduna sadiq it,
adamların kötəklədiyi,
acı talenin
aclığa sürüklədiyi,
əti qurumuş,
bədəni sinsimiş it,
işdi, getməli olsan,
ölkəmizi bir dəfəlik
tərk etməli olsan,
sən yorğun canın,
xəbərsiz getmə,
getsən, mənə də bir xəbər et.