Moderator.az xəbər verir ki, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda qurumun qəbul etdiyi qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda Respublika Baş prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin “Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Rauf Mirqədirov haqqında yaydığı birgə bəyanat müzakirə olunub. Bəyanatla bağlı hüquq müdafiəçisi Leyla Yunusun və R. Mirqədirovun vəkillərinin verdiyi cavab təqdir olunub və dəstəklənib.
Koordinasiya Mərkəzinin toplantısında Gürcüstan Daxili Işlər Nazirliyinin aşkarladığı, Azərbaycandan gələrək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram maye heroinlə bağlı məsələ müzakirə olunub. Baş vermiş hadisənin ölkəmiz adına utanc olduğunu vurğulayan Milli Şura üzvləri bu günə qədər Azərbaycan hakimiyyətinin “heroin əməliyyatı” ilə bağlı hər hansı açıqlama verməməsini pisləyərək məsələyə aydınlıq gətirilməsini tələb ediblər.
İclasda 47 yaşı tamam olan “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qatillərinin bu günə qədər tapılıb cəzalandırılmaması pislənilib.
Toplantıda Milli Şuranın növbəti sessiyasının yaxın günlərdə keçirilməsi ilə bağlı məsələ müzakirə olunub.