Elə sən düşünən deyiləm axı,
11.0pt;font-family:" times="" new="" roman","serif";mso-ansi-language:az-latin"=""> Sən niyə sanırsan pir, belə məni.
Uçub gedəsiyəm göylərə bir gün
Hələ ki saxlayır Yer belə məni.
Bulud qucağına büküb aparır,
Küləklər anbaan söküb aparır,
Tutub əllərimdən çəkib aparır,
Araz belə məni, Kür belə məni.
Bir bulaq arxamca ağlayır hələ,
Qar yağıb yolları bağlayır hələ,
Alıb qucağına saxlayır hələ,
Müəmma içində sirr belə məni.
Daha nə mənası kiməm, nəyəm mən.
Əl vurma, sınası bir şüşəyəm mən,
Yolunun üstündə bənövşəyəm mən,
Dər götür əlinə, dər, belə məni.
Sufiyəm, dərvişəm özüm içimdə
Gizlənib nə boyda dözüm içimdə.
Yanmağa bəs eylər közüm içimdə
Üfləmə sən Allah bir belə məni.
Qışamsa, elə qış qalım,
Çalışıb yaza döndərmə.
Dərdimnən başabaş qalım,
Könlümü saza döndərmə.
Naləsində ney ağlasın,
Məni yerlə göy ağlasın.
Doğma, ya ögey ağlasın,
Dost üçün naza döndərmə.
Kipriyini yaş elə sən,
Sinəm üstə yaş ələ sən,
İmkan olsa daş elə sən,
Sən Allah buza döndərmə.
*****
Bilsəydim ki, sən tüstüsüz ocaqsan
Yaxın gəlib yandırmazdım özümü.
Ürəyimi sənə verib bir belə,
Yerli-yersiz sındırmazdım özümü.
Dəyişməzdim yollarımın səmtini
Yaranmazdı yollarımda qəm tini.
Qışda gələn duman kimi, çən kimi
Zirvələrdə dondurmazdım özümü.
Bilsəydim ki, vəfasızsan əhdinə,
Uydurmazdım səni sözün şəhdinə.
Qurban verib qəlbi gözün səhvinə,
Dönə-dönə qandırmazdım özümü.
Göylər dolub bir ildırım çaxsa ki...
Şəmsi, canın bu yağışda çıxsa ki.
Eşq olmasa bunun adı, yoxsa ki
Ömür boyu dindirməzdim özümü.
Verirəm.
Qaşı, gözü qoyub, Allah
İlhamı naza verirəm.
Bir dilbilməz adam üçün,
Ömrü güdaza verirəm
Payız ötür, qış ölürəm,
Sinəm üstə daş ölürəm.
Gəlir qaranquş ölürəm,
Vədəni yaza verirəm.
Dəli dərviş libasında,
Ağlayasan öz yasında.
Bir gözəlin yaxasında,
Gülləri toza verirəm.
Bax, qaçaraq yerişim var,
Gəlişim var, gedişim var.
Özgələrnən nə işim var,
Özümə cəza verirəm.
Daşdı da, atıram, yiyəsinə dəysə əla olar
Kim sevə bilməsə şeiri, sənəti
Aqillər yanında olmaz qiyməti.
Söznən oynamağın ayrı ləzzəti,
Köznən oynamağın odu var, bala.
Bülbülə tay deyil hər oxuyan quş
Qarğa qartal olmaz, sərçə qaranquş
Şaxtayla, boranla gəlibdirsə qış,
Yazının, yayının dadı var, bala.
Dünya bir dənizdi, bil ki damla sən
Daş varkən evini tikmə qumla sən.
Yoldaşlıq eyləmə hər adamla sən,
Adamın qohumu, yadı var, bala.
Göz oxşayar zər-zibalar bir qədər
Aqil olmaz körpə uşaq pir qədər.
Olsa varın Araz qədər, kür qədər,
Sonda görəcəksən adı var, bala!
Verib qiymətini el ki Şəmsinin,
Tutasan əlindən gəl ki Şəmsinin.
Nəyi yoxdusa da, bil ki Şəmsinin
Bir eldə tanınmış zatı var, bala.