3 gün öncə guya şahidlərə təsir etməsi bəhanəsiylə həbs edilən araşdırmaçı jurnalist Ərşad İbrahimlinin doğrudan da Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov tərəfindən şərlənməsini təsdiq edən bir videosübut Moderator.az-a göndərilib.
Xatırladaq ki, Məhəmməd Bağırovun şikayəti əsasında
Ərşad İbrahimliyə qarşı aylar öncədir ki, guya hədə-qorxu ilə pul tələb etmə
maddəsiylə cinayət işi başlanılıb və prokurorluq istintaq müddətində heç nə
sübut edə bilməmişdi.
Moderator.az-a göndərilən videomaterialda isə
kəlbəcərli qadın Məhəmməd Bağırovun onun ailəsini hədələdiyini, qızının adı
xeyli vaxtdır ki, mətbuatda hallanan Fərqanə ilə rəfiqə olduğuna görə onların hədələndiyini,
Ərşadın üzünə durmaları üçün onlara 2 min manat pul təklif edildiyini, əks
halda başlarına oyun açılacağı barədə təhdid edildiklərini bildirir, baş
prokuror Zakir Qaralovdan kömək istəyir.
Redaksiyadan:
Biz də Zakir Qaralovdan ədalətli mövqe gözləyirik və ümid edirik ki, hörmətli baş prokuror haqqı nahaqqa verməyəcək, Ərşad İbrahimlinin gerçəkdən də hasız olaraq həbsə atıldığını öz qərarıyla sübut edəcək.