Son dövrlər nazirlərin bölgələrə səfər etməsi və şikayətçilərlə görüşməsi intensivləşib. Hökumət adamlarının bölgələrə səfəri əsasən 2011-ci il Quba və 2013-cü il İsmayıllı hadisələrindən sonra başlayıb. Bu hakimiyyətin daxili narazılığı azaltmağa hesablanmış addımdır. Guya ki, bu səfərlərdə şikayəti olan vətəndaşlar dinlənilir və problemləri həll olunur.
Əcəba, görəsən öz kabinetlərində
şikayətçiləri normal qəbul etmədikləri, bəzi hallarda günlərlə qapıda
gözlətdikləri və qəbul etdikləri insanların problemlərin həll etməyən bu
nazirlər bölgələrdə bir-iki saatlıq görüşlə problemləri necə həll edirlər? Və yaxud
nazirlərin özləri yerlərdə problemlərin həlli ilə məşğul olacaqlarsa, bəs yerli
qurumlarının vəzifələri nədən ibarətdir? Buradan belə nəticə çıxmırmı ki,
həqiqətən yerli qurumlar öz işlərinin öhdəsindən gələ bilmirlər . Belədirsə
onda bu strukturların saxlanmasına dövlət büdcəsindən küllü miqdarda vəsait ayrılması nəyə və kimə lazımdır? Həqiqətən yerli strukturlar işlərinin öhdəsindən gəlsə idilər o zaman heç nazirlərin bölgələrə zaman ayırıb,
əlavə dövlət vəsaiti xərcləyərək getməsinə
ehtiyac da qalmazdı.
Məsələnin başqa bir əsas və
önəmli tərəfi isə ondan ibarətdir ki, icra hakimləri tərəfindən formal olaraq
hazırlanan bu görüşlərdə problemi olan əsil
şikayətçilər iştirak edə bilmir. Çünki,
görüşlər əvvəlcədən planlaşdırılır. Təbii ki, icra hakimləri də öz növbəsində
rəhbərlik etdiyi bölgədən şikayətlər olmasını istəməz. Bu səbəbdən də şikayətçilərin görüşlərdə
iştirakını əngəlləməlidir. Bu cür
adamların ya müxtəlif yollarla görüşdə iştirakı əngəllənir, ya həmin
şikayətçilər hədə-qorxu, təzyiqlə üzləşir,
bəlkə də elə “Naxçıvansayağı” psixoloji
dispanserə yatırlmaqla hədələnirlər.
Bu yaxınlarda bir nəfər həmsöhbətim
isə təxminlərimi tam doğruldu. Sən demə həmin şəxs mayın 16-da Cənub zonasına sakinlərlə görüşmək üçün səfər edən Baş prokuror Zakir Qaralovla
görüşdə iştirak etmək istəsə də, ona bu imkan tanınmayıb. Adam nə qədər
yalvar-yaxar etsə də görüşə buraxmayıblar. Sonda isə ona görüşün bitdiyini deyiblər. Halbuki, şikayətçi sakinimizin dediyinə görə, görüş davam
edirmiş və Baş prokurorla gələnlər də sağda-solda yeyib-içib istirahət edirmişlər.
Başqa
bir məqam isə ondan ibarətdir ki, həmsöhbətim görüşdə iştirak etmək istəməsinin
məqsədi özü üçün deyil, səlahiyyətli nümayəndəsi olduğu, qoltuq ağacı ilə gəzən,
sosial problem içində boğulan bir ailə üçün imiş. Burada da bir məntiqsizlik
ortaya çıxır ki, bir ölkənin Baş prokuroru və ya Daxili İşlər naziri bölgəyə
gedib kiminsə sosial problemlərinimi həll edəcək? Halbuki şikayətlərin də böyük
əksəriyyəti sosial problemlərdəndir.
Elə başa düşülməsin ki, biz hansısa nazirin
bölgələrə səfərinin, əhali ilə görüşünün əleyhinəyik əsla, əksinə görüşlərin
tez-tez baş verməsinin tərəfdarıyıq. Amma bu formatda deyil. Könül istər ki, şou
yaradılmadan, əvvəlcədən heç kimə xəbərdarlıq edilmədən bu nazirlər rayonlara səfər
etsin və hansısa icra başçısının təyin etdiyi qapalı zalda yox, açıq havada
görüş keçirsin. Küçələri, bazarları dolaşsın, əhalinin suallarını
cavblandırsın, şikayətlərə qulaq assın, dolanışıq vəziyyətləri ilə, bazardakı qiymətlərlə tanış
olsun, dükanlardakı qara siyahılara nəzər yetirsin və ən nəhayət bircə dəfə təmtəraqlı yeyib-içməkdən, bircə
gün məmur həyat tərzindən imtina edib kasıb-kusubun yediyindən yesinlər, onlar
kimi yaşasınlar və heç olmasa bircə gün onların keçirdikləri hislərdən agah
olsunlar. Agah olsunlar ki, bəlkə ondan sonra həqiqi mənada əhalinin problemlərinin
həll ilə məşğul olalar.
Elman
Abbasov