Moderator.az saytının dostu, şair-publisist Heydər Oğuz satirik əsərlərlə yanaşı, əxlaqi məsələlərlə bağlı şeirlər də qələmə alır. Oxuculara tədqim etdiyimiz şeirlər də bu qəbildəndir.
Qəzəllər
***
Demə, nəfsim, salacaq kimsə görən yada bizi?
Unudub doğma-yaxın anmayacaq ya da bizi?
Qəm deyil, kim bizi yad etsə də, yad etməsə də,
Tutmasın gözdən uzaq Tanrı o dünyada bizi.
Nə qoyub biz gedirik qəbr evinə, söylə, könül,
Görə millət, ana el uyquda, röyada bizi?!
Müştəbeh olma özündən, ayağın altına bax,
Bu tamah səndə ki vardır, verəcək badə bizi.
Nə qədər canda nəfəs vardısa dik tutma başı,
Halımızdan tanısın cümlə cahan sadə bizi.
Bağlama aləmə bel, yırtıcı timsah kimidir,
Hər məzar ağzın açıb udmağa amadə bizi.
Ovçumuz eyni əcəl, hər birimiz bir topal ov,
Anı gəldikcə verər tale o səyyada bizi.
Yapışıb çox ətəyindən ona yalvarma, Oğuz!
Salmasın, qoy, əcəlin qorxusu fəryada bizi.
***
Hər gedən gor evinə, sanma ki, tək bez aparar,
Kimi ad-san aparırkən, kimi od-köz aparar.
İmtəhandır eşidib getməsin ağlın sınağa
Dəli nəfsim, demə dörd yalnışı bir düz aparar.
Elə düz var ki, onun beşcə quruş qiyməti yox,
Elə yalnışlar olur doğrunu yüz- yüz aparar.
Demə, saqqal tutaram, səhvi bağışlar Yaradan
Kölə, qul haqqı yesən boş yerə əl üz aparar.
Yaxşının qədrini dünyada mələklər də bilər
Bu səbəbdən gözəl insanı əcəl tez aparar.
Bəndə qumsaldakı iz, fırtınadır sanki əcəl,
Döyərək sahili hər dalğa neçə iz aparar.
Gün gələr, yolçu olar son evinə Heydər Oğuz
İnci karvanı kimi mənzilə min söz aparar.
***
Hansı bir kəlmədə ki, zərrə qədər kin görünər,
Cümlənin zərrəsi yox, cümləsi çirkin görünər.
Ciddi söz qüdrətini niyyətisaflıqdan alar,
Kəsəyənlikdə qılıncdan belə kəskin görünər.
Oğruluq xislətidir fikri bağırmaqla demək,
Tonu artdıqca səsin sahibi miskin görünər.
Adamın kimliyi sözdür, özü kimlik qabıdır
Sözü zəngin olanın könlü də zəngin görünər.
Hər ağız tüstünü dümdüz çıxaran bir bacadır
Sözdə insan içinin hər yönü düzgün görünər.
Kimdə söz haqqı bulunmaz, lələsiz yurd kimidir
Bədən elsiz obatək, ruhsa didərgin görünər.
Çox mələk üzlülərin çadrasıdır bağlı dodaq,
Açsa ağzın, Oğuz, İblis görünər, cin görünər.
***
Sevməz dikbaşlığı həyatda qələm
Sevməz dikbaşlığı həyatda qələm
İstərsə bulaqtək çağlasın ürək.
Şübhə edirsənsə sözümə hələ,
Başını dik tutub yazı yaz, görək!
Sən qələm önündə əydikcə başı,
Qələm də əyilər sinənə sarı.
Yazıyla, pozuyla əlləşən naşı,
Burdakı hikməti tutdunmu, barı?!
Tək qələm yazarın quludur, demə,
Həm də qələminin quludur yazar.
Bəlkə də bundandır, yazar qələmə
Qələmsə yazara baş əyib yazar.