Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Azərbaycanda sovet və müstəqillik dönəmindəki məscidlərin sayı ilə bağlı maraqlı statistika təqdim edib.
QMİ sədri qeyd edib ki, sovet dövründə Azərbaycanda 17 məscid olsa da, bu gün ölkədə 2000-ə yaxın məscid, kilsə və sinaqoq var.
Şübhəsiz, ötən müddət ərzində mövcud durumun statistika baxımından Azərbaycanın xeyrinə dəyişdiyi ortadadır. Lakin təəssüflər olsun ki, bu statistikanı Azərbaycanda dini-mənəvi dəyərlərin inkişaf və keyfiyyət göstəricisi hesab etmək mümkün deyil. Əksinə, sovet dönəmindən üzübəri mənəvi dəyərlərin bütün sahələrində ciddi tənəzzül müşahidə edilir ki, bu müstəvidə ən çox aşınmaya məruz qalan dəyərlərdən biri də islami dəyərlərdir.
Məscidlərin çoxluğu Allaha bağlılığın artması demək deyil. Əksinə, Azərbaycan cəmiyyətdə baş verən proseslərin təhlili göstərir ki, iman azaldıqca məscidlər çoxalır. Bu, hər şeydən öncə forma və mahiyyət bağlılığından qaynaqlanır. Bütün sahələrdə mahiyyətin tənəzzülə uğraması forma amilinin əhəmiyyətini artırır. Başqa sözlə desək, məğz itəndə forma mahiyyətdən önə keçir. Bu baxımdan Azərbaycanda da Allaha olan inam və iman azaldıqca bu boşluğun yerini məscidlərin artırılması, onların daha dəbdəbəli şəkildə inşası və daha bahalı əşyalarla bəzədilməsi tutur.
Bəli, qəlbimizdəki iman azaldıqca məscidlərimizin sayı artır. Daxilən cılızlaşdıqca daha böyük və heyrətamiz məscidlərin inşasına zərurət hiss edirik. Günahlar çoxaldıqca barmaqlardakı gümüş üzüklərin, dildəki “inşallah, maşallah” kəlmələrinin də sayı buna müvafiq olaraq çoxalmaqdadır. “Allah” ifadəsi heç bir xüsusi anlam və məsuliyyət kəsb etməyən adi sözlərdən birinə çevrilib. Məhz bunun nəticəsidir ki, bu gün ateizmin təbliğ edildiyi, məscidlərin mal-qara tövləsinə çevrildiyi sovet dönəmində öz inancına həyatı bahasına sahib çıxan, öz qəlbini öz inam və imanının qalsına döndərən insanların fədakarlığına bənzər hansısa fədakarlığa şahid olmaq mümkün deyil. Çünki bunun üçün zəruri olan başlıca güc ”“ gerçək Allah sevgisi, həqiqi məhəbbət mövcud deyil. O məhəbbət ki, insanı içində gəzdirdiyi bu sevgi ilə divara hörsələr belə, orada özünü xoşbəxt və ruhən rahat hiss edir.
Ümumiyyətlə, bir şeyi anlamaq zəruridir. Allaha gedən yol məsciddən, müxtəlif ayinlərdən yox, insanın öz qəlbindən, öz dünyasından keçir. Və nə qədər ki, insan axtardığı Allahı öz qəlbində tapa bilmir, nə qədər ki, Allaha olan sevgisində səmimi deyil, nə qədər ki, özünü bütün qəlbi ilə Allaha təslim etməyib, məscidlərin artması, onun dəbdəbəli görünüşünə milyonların sərf edilməsi heç nəyi dəyişməyəcək. Bu cür insanlar hətta bütün ömrlərini məsciddə keçirsələr də, onların əsla həqiq din və imanla heç bir əlaqəsi olmayacaq. Çünki hər insanın Allahla görüş yeri onun öz qəlbidir. Qəlbin hiss etmədiyini, duymadığını, sevmədiyini məsciddə tapması isə imkansızdır.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru