Ən gərəkli məsələlər heç kimi maraqlandırmır. Bütün ömrü boyu küçələrdə yem axtaran itlər kimi, sanki insanlar da var-dövlət axtarışındadırlar. Yalnız bir fərqlə. İtlər bunu yaşam mübarizəsi üçün edirlər. İnsanlar isə ehtiyaclarının olub olmamasına baxmayaraq daima var dövlət “ovuna” çıxırlar. Zənginlər daha artıq var dövlətə sahib olmağı özlərinin şərəfi hesab edirlər, kasıblar isə kasıblığın daşını atmağa yaşadıqları maddi sıxıntılardan qurtuluşun əsas vasitəsi kimi baxırlar. Sanki hamı yırtıcılaşıb. Dərd ondadır ki, bu ehtiras heç bir sərhəd tanımadan bütün heyvani instiktlərin insan imkanları ilə reallaşdırılmasına əsaslanır. Bu mənfəət acgözlüyü insan vəhşiliyindən başqa bir şey deyil. Mənim vətənimdə elə bil, hamı böyük kimi doğulub. Elə bil, heç kəs ana bətnindən körpə kimi dünyaya gəlməyib. Əgər belə olmasaydı, uşaq bağçalarını və onların bütün yaşıllıqlarını viran qoyub yerində hündür mərtəbəli binalar inşa etməzdilər. Yaxud sahibkarlıq subyektlərinin, restoran, kafelərin və mağazaların inşası üçün ictimai məkanlar satılmazdı. Bəli, mülki hüquqların maneəsiz olaraq həyata keçirilməsi qanunvericiliklə müəyyən edilir və bu hüquq hökmən mühafizə olunmaldır. Amma bu hüquqların gerçəkləşdirilməsi (üçüncü) başqa şəxslərin hüquq və mənafelərinə zidd üsüllara əsaslanmamalıdır. Bu gün uşaqlar heç kəsi düşündürmür,onların sağlamlığı sanki daha heç kimə maraqlı deyil. Bir parça yaşıllığı olan boş ərazi tapılmaz ki, orada uşaqlar ekoloji təssisatların imkanlarından təbii yolla faydalana bilsinlər. O da reallıqdır ki, hər kəsin kənar ərazilərdəki parklara getmək imkanları eyni həddə deyil. Kimi maddi şəraitinin, kimisi vaxt imkanlarının və daha fərqli səbəblərin üzündən. Nəticə isə hamı üçün eynidir. Cəmiyyət həm şüuru, həm də fiziki cəhətdən xəstələnir. Xəstə cəmiyyətdə kiminsə sağlam qalması mümkün deyil. Cəmiyyətə nə versək onun da qarşılığını əldə edəcəyik. Topladığımız var dövlət isə sağlamlığın bərpasından daha mühüm heç nəyə sərf edilə bilməz. Ona görə də bizim gələcək nəsillər üçün var dövlət deyil, sağlam cəmiyyət miras qoymağımız daha xeyirlidir. Heç cür anlamaq olmur ki,bütün bunlar hansı təfəkkürün məhsuludur. Vətəndaş həqiqətənmi özü özünə bu qədər düşmən ola bilər? Özünü dünya siyasətinnin izləyicisi kimi aparan başlar, başlarını yuxarıdan aşağı endirib yaşadığı cəmiyyətə diqqət etsələr daha yaxşı olar . Ölkədə aparılan siyasi kursu bəyənməyənlər, ümumxalq maraqların müdafiəsi çağırışlarına heç olmazsa vətəndaş kimi qoşulmaq lazımdır. Ümumi maraqlara eqoizm hissləri ilə yanaşmaq rəzalət və cılızlıq deyilmi ? Vətən bizim üçün bölünməz ,ayrılmaz vahid nemətdir. Onun qayğısına qalmamaq ən azı vicdansızlıq və xəyanətdir.
Elçin Qurbanov